Seçki ilində Aydın Bəşirovdan ciddi siyasi "çp"
20:18 19-06-2013
İQTİSADİYYAT
Seçki ilində Aydın Bəşirovdan ciddi siyasi "çp"
"Gəmiçilik şefi" hökumətdən gələn hansı tapşırığı yerinə yetirmədi?
Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirov siyasi "çp"yə yol verib. O, seçki ili kimi siyasi baxımdan həssas dönəmdə hökumətə qarşı yeni narazıların ortaya çıxmasına rəvac verir.
Belə ki, "Zaqfederasiya" adına Bakı Gəmitəmiri Zavodunda işçilərin kütləvi ixtisarı həyata keçirilib. Bu barədə zavodun 8 illik işçisi Famil Sultanov bildirib (aznews.az). F.Sultanovun sözlərinə görə, o, 2006-cı ildən Gəmitəmiri Zavodunda çilingər işləyir: "İşlədiyim müddət ərzində zavod rəhbərliyi tərəfindən bir dəfə də olsun töhmət almamışam. Nümunəvi işçi olmuşam. Amma bu gün məni günahsız yerə işdən çıxarıblar. Pensiya yaşına çatan və işə az müddət əvvəl qəbul olunan işçilər qala-qala günahsız yerə məni çıxarıblar".
Şikayətçi bildirib ki, onu işdən zavodda işçi ixtisarı olması bəhanəsi ilə çıxarıblar: "Zavod rəhbərliyi deyir ki, ixtisar var. Başqa heç nə demirlər. Bu ixtisarlara isə qanunla əməl olunmur. Bir ayın işçisi qalıb, amma məni çıxarıblar".
F.Sultanovun sözlərinə görə, zavoddan ümumilikdə 100-ə yaxın işçi çıxarılıb. Şikayətçi onu da bildirib ki, işlədiyi zavodun yeri plana düşdüyü üçün, sökülür. Müəssisə isə başqa zavoda köçürüləcək.
İşdən qovulan çilingər deyib ki, ilin yarıdan çoxunu işə gəlməyənləri ixtisara salmadıqları halda, məsuliyyətli işçiləri ixtisar adı ilə zavoddan uzaqlaşdırırlar. F.Sultanov məsələ ilə bağlı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qəbuluna getmək istəsə də, fikrini dəyişib: "Bildim ki, onun qəbuluna getsəm, o da məni yenidən zavod rəhbərliyinin üstünə göndərəcək".
"Zaqfederasiya" Bakı Gəmitəmiri Zavodunun kadrlar şöbəsinin əməkdaşı Tofiqə Təhməzova məsələ ilə bağlı verdiyi açıqlamada zavodda ixtisarların olduğunu təsdiqləyib. O, bildirib ki, ixtisarlar zavodun söküntüsü ilə bağlıdır.
Məlumata görə, zavodda aparılan söküntü "Ağ şəhər" layihəsi əsasında aparılır.
Burada maraqlı məqam bir müddət əvvəl hökumətdən dövlət və özəl şirkətlərə gələn bir tapşırığın Aydın Bəşirovun idarəsi tərəfindən yerinə yetirilməməsidir. Belə ki, hələ bir neçə ay əvvəl "Unikal" olaraq yazmışdıq ki, istər dövlət, istərsə də qeyri-dövlət şirkətlərinə qarşıdan gələn prezident seçkilərinədək öz işçiləri ilə hər hansı problem yaşamamaq, onlarda narazılıq yaradacaq addımlar atmamaq, ələlxüsus mümkün ixtisarları təxirə salmaq göstərişi verilib.
Bu da onunla əlaqədardır ki, hökumət seçki ili kimi siyasi-ictimai cəhətdən həssas dönəmdə ondan incik vətəndaşların sırasının genişlənməsini istəmir. Amma Bəşirovun idarəsi, göründüyü kimi, bu amili nəzərə almayıb, bununla bağlı hökumətin qeyri-rəsmi tapşırığına laqeydlik nümayiş etdirib və kütləvi ixtisarlara rəvac verərək xeyli insanda narazılıq yaradıb. Hesab etmək olar ki, belə bir addım XDGİ rəisinə baha başa gələ bilər. Onun bu hərəkətindən iqtidar içindəki rəqiblərinin bir kompromat kimi yararlanmağa çalışması da istisna edilməməlidir.
Çünki seçki ilində "gəmiçilik şefi" həqiqətən də ciddi siyasi "ÇP"yə yol vermiş kimi görünür və hakimiyyət daxilindəki anti-Bəşirovçuların bunun üstündən sükutla keçməsi heç də inandırıcı təsir bağışlamır.
Hər halda seçkidən sonra hökumətdə ciddi kadr islahatlarının olacağı, xeyli iri məmurun həmin islahatlara "qurban" ediləcəyi nəzərə alınsa, rəqiblərinin XDGİ rəisini də görəvi ilə vidalaşacaq yüksək çinlilər sırasına daxil edə bilmələri üçün bundan yaxşı siyasi əsas tapmaları mümkünsüzdür. Bu ehtimalların nə qədər reallaşıb-reallaşmayacağını isə tezliklə görəcəyik. Hər halda seçkisonrası dönəmə bir o qədər də çox vaxt qalmayıb.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53