Bakı Mühəndislik Universiteti (BMU) 2024-2025-ci tədris ili üçün əcnəbi tələbə qəbulunu davam etdirir. 

"Unikal" xəbər verir ki, qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları” əsasında həyata keçirilir.

BMU beynəlxalq tələbələr üçün yüksək səviyyəli təhsil və geniş imkanlar təqdim etməklə, regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi tanınır. Universitetin müxtəlif fakültələrində mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat və digər sahələr üzrə çoxşaxəli təhsil proqramları təklif edilir. Ali məktəbin təhsil standartları beynəlxalq səviyyədə qəbul olunur və bu da onu xarici tələbələr üçün cəlbedici edir.

BMU, həmçinin xarici tələbələr üçün müxtəlif mədəni və sosial tədbirlər təşkil edərək onların cəmiyyətə uyğunlaşmalarına, yerli mədəniyyəti daha yaxşı öyrənmələrinə imkan yaradır. Universitetin tələbə klubları, dil kursları, eləcə də digər ictimai fəaliyyətlər beynəlxalq tələbələrin təhsil dövrünü daha da maraqlı və faydalı edir.

Əcnəbi tələbə qəbulu ilə maraqlananlar BMU-nun rəsmi internet səhifəsindən (https://beu.edu.az/en/page/admission-for-international-students-295/) və ya universitetin Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsindən ([email protected]) daha ətraflı məlumat əldə edə bilərlər. 

Tələbələrin qeydiyyatı üçün son müraciət tarixi 30.09.2024-cü ildir.