YUNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Geoparkların yaradılması və Qlobal Geoparklar Şəbəkəsinə qoşulmasına dair fəaliyyət planına uyğun olaraq, yaradılması nəzərdə tutulan geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə dövlət qurumlarının, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri və mütəxəssislərdən ibarət qruplar iştirak edib.
Tur iştirakçıları Xəzərin Bakı arxipelaqında yerləşən vulkanik mənşəli Xarə, Zirə, Qarasu, Səngi-Muğan, Zənbil adalarına səfər edib bu ərazilərin ekoturizm potensialını qiymətləndiriblər. Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan geopark statuslu qorunan ərazilər yaxın gələcəkdə turizmin bir qolu olan geoturizm üçün yeni imkanlar açacaqdır.
Qeyd edək ki, Azərbaycanda palçıq vulkanlarının bazasında geopark şəbəkəsinin yaradılması işləri yekunlaşma mərhələsindədir.
YUNESKO-nun geoparkların yaradılmasına dəstək proqramı 2002-ci ildən fəaliyyət göstərir.
Hazırda dünya üzrə YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə 48 ölkədə 213 park daxildir.