Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub. 55 656 nəfər ali təhsil müəssisələrinə qəbul olaraq, tələbə adını qazanıb. Bu il ilk dəfə olaraq Qarabağ Universitetinə tələbə qəbul prosesi həyata keçirilib.

"Unikal"ın məlumatına görə, Qarabağ Universitetinə yüksək nəticə ilə qəbul olunanlardan biri də Salyan şəhər Aşıq Pənah adına 1 saylı məktəb-liseyin şagirdi Zenfira Rəşadət qızı Nəsirovadır. 

2007-ci ildə Salyan şəhərində dünyaya gələn Zenfira bir çox intelektual yarışmalarında iştirakçısı və qalibi olub. Həmçinin o, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasında gümüş medal qazanıb. Zenfira Nəsirova 9-cu sinif üzrə buraxılış imtahanında da 266.5 bal toplayaraq məktəb birincisi olub. 

Bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqədə (2024/2025-ci tədris üzrə) 683.80 bal toplayaraq dövlət sifarişi əsasında Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub. Yüksək intelekti və əzmkarlığı ilə çalışan Zenfira Nəsirova gələcəkdə peşəkar vəkil olmağı planlaşdırır. 

Gülayə Mecid