Natiq Əliyevə rəqiblərindən zərbə
20:03 20-06-2013
İQTİSADİYYAT
Natiq Əliyevə rəqiblərindən zərbə
Sənaye və energetika nazirinin hazırlatdığı proqram qəbul edilmir
Sənaye və energetika naziri Natiq Əliyevlə onun iqtidar içindəki rəqibləri arasında intriqa davam edir. Bu dəfə nazirin əleyhdarları onun hazırlatdığı dövlət proqramı layihəsinin təsdiqlənməsinə əngəl yaradırlar. Məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən etibarlı mənbə verib.
Mənbə xatırladıb ki, təxminən üç ay bundan əvvəl mətbuatda Sənaye və Ernergetika Nazirliyinin (SEN) Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramını hazırladığına dair xəbər yayılıb. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib: "Nazir jurnalistlərlə söhbətində onu da bildirib ki, proqram Azərbaycan və Koreyanın iştirakı ilə hazırlanıb. Proqramda ölkə sənayesinin inkişafı yolları ilə bağlı məsələlər təklifdə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycanda sənayenin inkişafı sahəsində Koreyanın zəngin təcrübəsindən istifadə olunacaq.
Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmamasıdır. Sənaye və energetika naziri haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi var".
Mənbə deyib ki, söhbət Natiq Əliyevin hakimiyyət kulislərindəki əleyhdarlarının haqqında danışılan dövlət proqramı layihəsinin təsdiqlənməsinə yaratdığı maneələrdən gedir: "Sənaye və energetika naziri iqtidariçi qruplaşmalardan və onlarla toqquşmalardan mümkün qədər kənarda dayanmağa çalışır. Amma son bir ildə, ilyarımda Natiq Əliyev istəmədən də olsa, hakimiyyətdaxili qovğalara qarışmaq məcburiyyətindədir. Bu bəzi iri məmurların naziri saya salmamağa, onunla nüfuz, səlahiyyət davalarına qalxmağa başlamalarıdır. Belədə sənaye və energetika nazirinin də öz təsir imkanlarından əks tərəfə qarşı yararlanmaq məcburiyyəti meydana çıxır ki, bu da onun sonda iqtidariçi ixtilaflara qarışmasını şərtləndirir".
Xatırladaq ki, haqqında danışılan dövlət proqramı layihəsinin hazırlanmasının üstündən aylar keçməsinə rəğmən təsdiqlənməməsi və bu
gedişlə təsdiqlənəcəyinin də sual altına düşməsi son vaxtlar rəqiblərinin sənaye və energetika nazirinə vurduğu ikinci ağır zərbədir. Bundan əvvəl Nazirlər Kabineti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnaməni təsdiqləyib, amma məlum olub ki, yeni əsasnaməyə görə artıq həmin Dövlət Agentliyi Natiq Əliyevin nəzarətində olmayacaq.
Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yəni kifayət qədər strateji bir qurumdur və belə bir qurumun Natiq Əliyevin nəzarətindən çıxarılması heç şübhəsiz, iqtidar daxilindəki rəqiblərinin sənaye və energetika naziri ilə mübarizədəki uğuru idi.
İndi isə nazirin hazırlatdığı dövlət proqramı layihəsinin təsdiqlənməməsi ona qarşı ikinci ciddi zərbə kimi qiymətləndirilməlidir. Unutmayaq ki, bu cür dövlət proqramlarının qəbulu və icrası həm siyasi, həm maliyyə baxımından önəmlidir. Siyasi baxımdan ona görə önəmlidir ki, hakimiyyət rəhbərliyinin dövlət proqramına məsul iri məmura etimadını nümayiş etdirir, həmin məmurun hakimiyyət dairələrində nüfuzunu
artırır, ona qarşı çeşidli hücumları zəiflədir. Maliyyə baxımından isə ona görə önəmlidir ki, belə dövlət proqramlarının icrası üçün iri məbləğdə dövlət vəsaiti ayrılır, həmin vəsaitlər isə iri məmurlara onları korrupsiya predmetinə çevirərək mənimsəmək, maddi cəhətdən daha da güclənmək imkanı verir.
Görünür, rəqibləri məhz bu iki məqamı - sənaye və energetika nazirinin siyasi və maddi baxımdan bir az da güclənə biləcəyini nəzərə alır, ona görə də onun hazırlatdığı dövlət proqramının təsdiqlənməsinə var gücləri ilə mane olurlar. Onların bunu sonadək bacarıb-bacarmayacaqlarını isə zaman göstərəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00