Bakıdan Parisə gedərkən saxlanılan "Telegram"ın təsisçisi Pavel Durov ən azı bir axşam Fransa paytaxtında qalmağı və nahar etməyi planlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə AFP nəşri yazıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, o, bir gün əvvəl yerli vaxtla 19:30-20:00 arasında Le Burje hava limanında saxlanılıb. Bundan əvvəl TF1 telekanalı Durovun həbsi zamanı onun yanında mühafizəçi və bir qadının olduğunu bildirmişdi. Durov məhkəməyə çıxarılmalıdır.
Fransa hakimiyyəti Durovun saxlanması ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Paris prokurorluğu “istintaq zamanı izlənilən prosedurla bağlı mövcud şəraitdə” hər hansı məlumat verməkdən imtina edib.
Fransa hakimiyyəti "Telegram"ın qurucusunu qeyri-qanuni fəaliyyətlərdə şərik hesab edir. O, terror, narkotik, fırıldaqçılıq və uşaqlara qarşı cinayətlərlə bağlı ittihamlarla üzləşə bilər.
Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək Durova konsulluq girişi tələb edib.