Sosial şəbəkədə yayılan hicablı müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı iddialar əsassızdır.
"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli MİQ-lə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ümumilikdə müsabiqə müddətində heç bir dini və ya cinsiyyət baxımından ayrı-seçkilik edilmir: "Bəzən də hər hansı komissiyanın fəaliyyətinin qərəzli olmasını deyirlər. Halbuki 30 fərqli komissiya var və hər biri də təlimdən keçən şəxslərdir. Onların əsas işi müsabiqənin şəffaf keçirilməsini təmin etməkdir. Narazılıqlar həmişə var və olacaq. Əsas odur ki, heç vaxt ayrı-seçkilik halı olmur".