Bakı Mühəndislik Universitetinin (BMU) daha 15 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsillərini davam etdirəcəklər.
"Unikal" xəbər verir ki, onlar bu universitetlərdə təhsil almaq hüququnu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əldə ediblər.
Məzunlardan 3 nəfər ABŞ (Duke University), 2 nəfər Almaniya Federativ Respublikası (RWTH Aachen University, TU Dresden - Dresden University of Technology), 10 nəfər isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında (Cardiff University, Newcastle University, UCL-Londons Global University, University of Aberdeen, University of Bristol, University of Exeter, University of Manchester, University of Sheffield, University of Glasgow) təhsil alacaq.
BMU-nun Dövlət Proqramı iştirakçısı olan məzunlarının təhsil alacaqları ixtisaslar sırasında elektrik və kompüter mühəndisliyi, nəqliyyat iqtisadiyyatı, proqram təminatı mühəndisliyi, statistika elmi, riyaziyyat, kompüter elmləri, struktur mühəndisliyi, kiber təhlükəsizlik analitikası, nəzarət və sistem mühəndisliyi kimi ixtisaslar yer alıb.