Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2023-2024-cü tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli Liderimiz Heydər Əliyev təhsilin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”. RİH-in başçısı bildirib ki, bu qəbul ilində ən sevindirici hal Azərbaycanın təhsil sistemində mühüm bir yeniliyin olması ilə yadda qalıb. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. 30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz övladlarının qürur hissi ilə Qarabağ Universitetində təhsil alması üçün səbirsizliklə tədris ilinin başlanmasını gözləyirlər. Bununla yanaşı, ölkənin hər bir bölgəsindən olan abituriyentlər də bu universitetin ilk tələbəsi olmaq sevincini yaşamaq arzusundadırlar, çox sevindirici haldır ki, bu il Qarabağ Universitetinə qəbul olan məzunlardan 6 nəfəri Neftçala rayonunun ümumtəhsil müəssisələrinin məzunudur. RİH-in başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.
Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Məlumat üçün bildiririk ki, 2023-2024-cü tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 691 nəfər şagirddən 391 nəfəri ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 74 faizi, yəni 288 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 12 nəfəri 600-dən yüksək bal toplayaraq Respublikamızın ali təhsil ocaqlarına qəbul olublar.
Neftçala RİH-i tərəfindən 2023-2024-cü tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən tələbələr fəxri fərmanlarla təltif olunub və xatirə hədiyyələri təqdim edilib.
Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.