Premyer Liqanın 5-ci turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Fürsətdən istifadə edib “Zirə”nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. “Zirə” bizdən bir gün az istirahət etdi. Daha dinamik, daha sürətli oyun olardı. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçumuz istirahət edəcək, bəziləri milliyə yollanacaq. Uğurlar arzulayıram”.

Baş məşqçi UEFA Avropa Liqasının yeni formatı və Liqa mərhələsindəki rəqiblər barədə də danışıb: “Maraqlı formatdır. Minimum 8 oyunumuz olacaq. 8 fərqli komandaya qarşı çıxış edəcəyik. Bu, azarkeşlər üçün maraqlı olacaq. Ancaq bizim üçün daha çətindir. Çünki rəqibləri oyundan-oyuna tanıyacağıq. İstənilən halda təqvim hamı üçün eynidir. Hətta bəzi komandalar Çempionlar Liqası səviyyəsindədirlər. Ölkəmizi layiqincə təmsil etməyə, azarkeşlərimiz üçün yaddaqalan ilin olmasına çalışacağıq”.

Təcrübəli mütəxəssis debüt oyununda qol vuran yeni transfer Emmanuel Addainin çıxışını da dəyərləndirib: “İlk oyunu idi, rəqib də asan komanda deyildi. Bu, Addainin son 3-4 ayda ilk matçı idi. Buna baxmayaraq, həm fiziki göstəricilər, həm də komanda oyununa uyğunlaşma baxımından ondan razı qaldım. Daha yaxşı olmaq potensialı var”.