Xəbər verdiyimiz kimi, son iki gündə Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonu və Naxçıvanda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev "Unikal"a açıqlamasında bildirib ki, Ermənistan tərəfinin son aylar ərzində kifayət qədər aqressiv fəaliyyət göstərməsi onun intensiv şəkildə silahlanması ilə bağlıdır:
"Ermənistan tərəfinin son aylar ərzində kifayət qədər aqressiv fəaliyyət göstərməsinin nəticəsi məhz Avropa İttifaqı missiyasının sərhəddə genişlənməsi və Fransa, Hindistan, eləcə də ABŞ tərəfindən onların intesiv şəkildə silahlanması ilə bağlıdır.
Ermənistanın Azərbaycana qarşı aqressiv fəaliyyətləri işğalçı ölkənin dövlət və milli maraqlarına ziddir. Hesab edirəm ki, atəşkəs pozuntularının qarşısını daha sərt şəkildə almaq lazımdır ki, Ermənistanda qızmış başlar çox qısa bir müddətdə soyusun", - deyə ekspert qeyd edib.
Ədalət verdiyev həmçinin Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin Azərbaycanla sərhəddə "monitorinq" aparan Avropa İttifaqı missiyası ilə bağlı sözlərini də şərh edib: "Mən əvvəllər də Avropa İttifaqının Azərbaycanla sərhəddəki fəaliyyətlərini "casus fəaliyyəti" adlandırmışam. Onların məqsədi əsasən Azərbaycan, Rusiya və İranın ərazidə fəaliyyətləri barədə məlumatları toplayıb həm Ermənistan tərəfinə, həm də Avropa İttifaqı missiyasının fəaliyyətinə nəzarət edən orqanlara, xüsusilə də Fransa tərəfinə ötürməkdən ibarətdir".
Qeyd edək ki, Rusiya səfirinin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində işləyən Aİ-nin missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur: "Ermənistanın bu gün üzləşdiyi bir çox risklər 2022-ci ilə dayanır. Sentyabrda İrəvan Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsinə yönəlmiş KTMT ilə bağlı kompleks tədbirlər həyata keçirməyə razılaşıb. Söhbət ciddi təşəbbüslərdən gedirdi, o cümlədən hərbi-texniki yardım, monitorinq missiyasına rəhbərlik, sərhədçi qoşunların təliminə dəstək və s. Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç bir şəkildə qorumayan, Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu. Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər həll etməlidir. Kənardan heç kim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək".
Ağarza Elçinoğlu