Kolumbiya prezidenti Qustavo Petro amerikalı milyarder, "X" sosial media platformasının sahibi İlon Maskı “nasist tərəfdarı” adlandırıb.
"Unikal" xəbər verir ki, prezident Petro Quindio inzibati bölgəsindəki çıxışında son vaxtlar solçu Cənubi Amerika liderlərinin hədəfinə çevrilən Maskı tənqid edib. Dünyada alternativ imkanlarını göstərən sosial media platformalarının dünyanın ən zəngin adamları tərəfindən satın alındığına diqqət çəkən Petro, "İlon Mask adlı nasist tərəfdarıdır", - deyə ifadə edib.
Petro, Maskın "X"dəki hesabını "istənilən vaxt" bağlaya biləcəyinə işarə edib.
Son zamanlar siyasi şərhləri ilə diqqət çəkən Mask tez-tez ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris, Venesuela prezidenti Nikolas Maduro və Braziliya hökumətini hədəf alır.
53 yaşlı iş adamı noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb və digər namizəd Harrisi dəfələrlə tənqid edib.
Venesuela prezidenti Maduro da ölkəsində iyulun 28-də keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. Bunun fonunda amerikalı milyarder İlon Mask Venesueladakı seçkilərin “saxta” edildiyini iddia edib. Maskın ittihamlarına reaksiya verən Maduro, "Döyüş istəyirsən, Mask? Mən hazıram, Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram" deyib və Maska duelə çağırıb.
Maduro həmçinin Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.
Mask Maduroya cavabında bildirib ki, dueldə qalib gəlsə, Madurodan diktaturadan istefasını istəyəcək və sahibi olduğu SpaceX ilə Marsa pulsuz göndərəcək.
Gülayə Mecid