14-15 sentyabr 2024-cü il tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “Aqroservis” ASC, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, “Göygöl Şərab Zavodu” ASC, “Aqronaft MMC və digər dövlət və özəl tərəfdaşların dəstəyi ilə Azərbaycanda ilk "Moruq Festivalı" keçirilməsi nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, Moruq Festivalının təşkil olunmasında məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, rayonun unikal cəhətlərini, yerli məhsullarını tanıtmaq, xüsusilə moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Göygöl rayonu, Keşkü kəndində təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçıların moruq məhsullarının dequstasiyaları təşkil ediləcək və ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcəklər. Eyni zamanda festivalda müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.
Festivalın məkanı kimi Göygölün seçilməsi heç də təsadüfi deyil. Çünki ki, Göygölün simvollarından biri faydalı moruq giləmeyvəsidir. Göygöl rayonu ərazisində əvvəllər dağlıq ərazilərdə, çay kənarlarında yetişən moruq kollarını son illər əkin sahələrində sənaye üsulu ilə əkib becərilir və bu gün moruğun daha məhsuldar olan polka və polana növləri üstünlük təşkil edir. Təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq dərman vasitələrindən biridir, susuzluğu kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Onun 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı giləmeyvədir.
İki gün ərzində saat 10:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: kənd təsərrüfatı məhsullarının satış yarmarkası, moruq təsərrüfatının guşəsi, dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, o cümlədən moruqla rəsm master-klası, açıq havada konsert proqramı, idmançıların nümunəvi çıxışları və kampinq zonası.
İlk Moruq Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir. Festivalda Respublikanın bir sıra sevilən sənətkarları və qrupları çıxış edəcəklər. Rəsmi və media nümayəndələri də daxil olmaqla festivalda gündəlik olaraq üç mindən çox insanın iştirakı nəzərdə tutulur.