Milli Şurada dartışmalar: kim nə istəyir?
19:30 25-06-2013
İQTİSADİYYAT
Milli Şurada dartışmalar: kim nə istəyir?
Hər kəs ki, etdiyi əməlin nəticəsini və nə ilə başa çatacağını əvvəlcədən anlayıb kəsdirə bilmirsə, onun hərəkətləri kənardan baxılanda qəribə təsir bağışlayır.
Məsələn, təsəvvür edək ki, qoca bənnaya günlərin birində ətrafındakılar "sən artıq bənna deyilsən, yetər daş və palçıq içində əlləşdiyin, a kişi, başla tacirliyə, pul ondadır, tanınarsan, hörmət və izzət yiyəsi olarsan" söylərsə, qoca bənna da deyilənlərə inanaraq tacirliyi bacardığını düşənərsə, nə olar?
Nikbin oxucu deyə bilər ki, bəs yaxşı olar, bənna ticarətə baş vurar, pullanar, var-hal sahibi olar və ilaxır.
Fəqət ki, huşyar oxucu qoca bənnanın ticarət sevdasının xülya olduğunu söylər və bu işin sonunun yaxşılıqla bitməyəcəyini buyurar.
Azərbaycan müxalifəti də oktyabrda keçiriləcək prezident seçkilərinə az vaxt qaldığını anlayaraq son şanslarını sınamaq qərarına gəlmişdi və fəndgir tərpənərək çeviklik edənlər Milli Şura adlı bir qurum yaratmışdılar.
Milli Şuranın rəsmi rəhbəri tanınmış kinodramaturq, ssenariçi Rüstəm İbrahimbəyov, onun yardımçısı isə EL hərəkatının rəhbəri, nomenklatur müxalifət lideri olmağa çalışan Eldar Namazovdur.
Onlar vəziyyəti belə təqdim edirlər. Halonki belə deyil və Milli Şuranın gerçək rəhbəri E.Namazovdur. O kəs ki, siyasi ambisiyalarını yenidən təmin etmək fikrinə düşərək bu dəfə yeni taktikaya əl atıb.
Ssenarilər yazmaqda usta olan Rüstəm İbrahimbəyov isə bu kinonun dramaturgiyasını dərinliklərinə qədər anlamayan kinodramaturqdan siyasətçiyə çevrildi.
Çox qısa müddətdə. Onu inandırdılar ki, məşhurluq və nüfuzundan yararlanaraq müxalifəti bir araya gətirə bilər, üstəlik də prezident seçkilərinə qatılaraq "qələbəyə nail olar".
Ötən ayın ortalarınadək Milli Şura ilə bağlı müzakirlərdə prezidentliyə vahid namizəd məsələsi arxa planda qalırdı. Həmin struktura qatılmaları nəzərdə tutulmuş AXCP və Müsavat partiyalarının liderləri olan yerdə R.İbrahimbəyovun prezidentliyə namizəd göstəriləcəyi ağbatan ehtimal təsir bağışlamırdı. Fəqət əvvəlcə Rüstəm İbrahimbəyov, sonra da Eldar Namazov cənabları həşəmətli şəkildə buyurmuşdular ki, xeyr, onlar yalnız xalqın (oxu: müxalifətin) maraqlarını düşünürlər və bu səbəbdən də ən önəmli məsələ qismində namizəd probleminin həllini yox, illərdən bəri dağılmış və parçalanmış vəziyyətdə olan, hər seçkidən əvvəl müxtəlif adlı qurumlar yaradaraq hakimiyyətə meydan oxuyan, amma sonra elə həmin meydanda fiaskoya məruz qalan müxalifət liderlərinin ittifaqını təmin etmək istəyirlər.
Rüstəm İbrahimbəyov təşkilatın bəyan edilməsindən sonra Milli Şuranın sədrliyi ilə yanaşı, səfiri səlahiyyətlərini də icra etməyə başladı. Daha doğrusu, o, özünü sürgündə olan hökumət başçısı kimi hesab edərək dövləti əlindən alınmış liderlər təki ölkələri dolaşmağa, yardımlar istəməyə başladı.
Amma nə edəsən ki, xarizma və bitkinlik baxımından cənab İbrahimbəyov itirdiyi Tibeti qaytarmağa çalışan Dalay Lama, ya da illər boyu Eritreyanın müstəqilliyi uğrunda mübarizə aparmış Meles Zenauidən xeyli geridə qaldığından onun emosional bəyanatları, təşəxxüslü aplombla söylədiyi nitqlər və hisslərinin çulğalaşdığı müsahibələri Qərbi inandıra bilmədi ki, Milli Şura bir neçə siyasətçinin merkantil maraqlarının təminatı üçün yaratdıqları qurum yox, “müxalifətin birləşməsi və demokratik dəyərlərin bərqərar olması uğrunda mübarizə aparan” strukturdur.
Qərb İbrahimbəyova inanmır və Milli Şura da cənab kinodramaturqun yaradıcılığının ən uğursuz ssenarisidir.
Süjet primitiv, obrazlar sönük, hadisələr məcrası darıxdırıcı olan filmə bənzəyən Milli Şuranın mövcudluğunun nəticəsi indidən bəllidir: tamaşaçılar film başa çatmamış kinoteatrı tərk edəcəklər.
Proses artıq başlayıb. Milli Şuranın toplantılarından birində səslənən “Elə hey danışırsınız, vədlər verirsiniz, amma son 25 ildə nəyə nail oldunuz axı?!” ritorikasına cavab tapmayan kəslər “millət xilaskarı” olduqlarını iddia edirlər.
Halbuki onlar ilk əvvəl öz nüfuzlarını boş vədlər ustası, çətinə düşən kimi ən yaxın müttəfiq adlandırdıqları tərəfdaşlarını yarıyolda qoyub qaçan, yalnız öz maraqlarını təmin etməyə çalışan adam obrazından qurtarmalı idilər.
Şəxslər öz problemlərini həll edə bilmədikləri halda cəmiyyətin xilaskarı olmağa çalışırlarsa, bunu kliniki hal saymaq olar.
Eyni zamanda, Milli Şura siyasi mübarizənin uzaqməsafəli idarəetmə stilini seçdiyindən prezidentliyə namizədlik fikrinə düşmüş Rüstəm İbrahimbəyov sədri olduğu təşkilatı Bakıda idarə etmək istəmir.
O, Azərbaycan paytaxtına qayıtmaqdan çəkindiyini deyir.
Lakin tanınmış ssenariçi həqiqəti təhrif edir. İbrahimbəyov anlayır ki, prezident seçkilərində müxalifətin vahid namizədi olmaq istəsə də, buna elə ən yaxın tərəfdaşları və müttəfiqləri dediyi partiya sədrləri yol verməyəcəklər.
Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu olan yerdə Eldar Namazovun ciddi-cəhdlə dilə tutduğu Rüstəm İbrahimbəyovun namizədlik istəyi sırf xülya, illüziyadır.
O, indi ABŞ və Avropada təşkilatının maraqlarının tanıtmaqla məşğul olduğunu deyir.
Rusiyada tanıtıma ehtiyac yoxdur, deyəsən: axı əsl ssenari müəlliflərinin olduğu yerdə bərbad ssenarini tanıtmağa ehtiyac qalmır.
Milli Şuranın yaranmasından çox az vaxt keçsə də, təşkilat artıq aqoniya mərhələsinə qədəm qoyub. Qurumun sıravi üzvləri, vədlərə və idefikslərə inanan şəxslər hisslərində səmimi olduqları üçün onlar yaşanan uğursuzluğa görə məsuliyyət daşımırlar. Əksinə, bu adamlar Eldar Namazovun təqdimatındakı obrazlar konstruksiyasının reallığına şübhə etməyiblər, sadəlövhlük edərək onillərdən bəri eyni sözləri deyən və elə qisasla qocalan adamların hisslərinə güvəniblər.
Onlar yanıldıqlarını sonra anlayacaqlar.
Təki çox sonra olmasın.
Milli Şuranın liderləri isə indi dəstək, maliyyə resursları, inanc hədəfləri və aldadılası xamlar axtarışındadırlar.
Amma çifayda...
Novruz Sultanov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53