Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, zərərçəkənlər təqsirləndirilən şəxs Məmməd Əmiraslan oğlu Ağakişiyev barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbirinin "həbs qətimkan" tədbiri ilə dəyişdirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə veriblər.
Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Həmçinin zərərçəkən şəxslər belə bir ərizə veriblər ki, təqsirləndirilən şəxsin vəkili onlara deyib Bakı Ağır Cinayətlər Məhkəməsindən 50 min manat qarşılığında Məmmədə bəraət alacam.
Hakim isə zərərçəkənlərin iddiasına cavab olaraq dedi ki, cinayət işinə tam obyektiv baxılacaq: "Siz məhkəmənin sonunu gözləyin".
5 nəfər zərərçəkənin və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim müşavirəyə gedib gəldikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib.
Məhkəmə prosesi 23 sentyabr tarixinə kimi təxirə salınıb.
Zərərçəkən qazilər prosesdən sonra məhkəmə zalında dava-dalaş saldılar. Səbəb isə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi oldu.
İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Qeyd edək ki, zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev isə cinayət işi başlayana kimi, yəni 2023-cü ilin sentyabr ayına kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.
Seymur Əli