Yerlərdə cənab Prezidentin göstərişinə uyğun olaraq vətəndaşla dövlət arasındakı qarşılıqlı etimadın və inamın davamlılığını təmin etməkdən ötrü səyyar görüş-qəbulların keçirilməsi mərkəzi və eləcə də yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən davam etdirilir.
"Unikal" xəbər verir ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün məmurların xalqın, yerli insanların arasında olması, onlarla birbaşa, vasitəsiz dialoq qurması cənab Prezident İlham Əliyevin bütün vəzifəli şəxslər və dövlət qulluqçuları qarşısında qoyduğu əsas tələblərdəndir. Dövlət başçısının bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra başçısı ilə birlikdə yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
T.Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. İcra başçısı qeyd edib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbullar vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi və müraciətlərə yerində baxılması məqsədilə keçirilir.
T.Qaraşov səyyar qəbulda iştirak edən insanların müraciətlərini dinləyib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlərin həllindən ötrü yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həllindən ötrü aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını səlahiyyətli şəxslərə tapşırıb.
Yerli sakinlər rayon rəhbərliyinə səmimi qəbula görə təşəkkür ediblər. Şürük inzibati ərazi dairəsinin sakinləri sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına, habelə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində uğurlu, çevik və nəticəyə yönəlik addımların tətbiq olunmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.