"Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O xatırladıb ki, ötən gün Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb:
"2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu il ilə müqayisədə 0,6 % artaraq 36 mlrd. 616 mln. manat, xərcləri isə 0,2 faiz azalaraq 39 mlrd. 667,6 mln. manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir. Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb. Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətinin uzunmüddətli aşağı olması halında ödəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də, sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı".
Ekspert qeyd edib ki, ilin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu deyil: "Hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın. Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər".