Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

DİM-dən "Unikal"a bildirilib ki, sertifikat qazananlar aşağıdakı kateqoriyadan olan şəxslərdir:

- Avqustun 25-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanında iştirak edənlər;

- Avqustun 11-də dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər;

- İyulun 28-də və avqustun 4-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər əvvəlcədən [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər (ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir).