Arzu Rəhimovun açıqlamaları narazılıq yaratdı
21:09 26-06-2013
İQTİSADİYYAT
Arzu Rəhimovun açıqlamaları narazılıq yaratdı
Xidmət rəisi indiyədək kimin cəzalandırıldığını niyə açıqlamadı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun jurnalistlərə dünənki açıqlamasındakı bəzi fikirləri narazılıq yaradıb. Narazılığa səbəb olan isə Arzu Rəhimovun hərbi çağırış zamanı sağlamlığına müsbət rəy verilən əsgərlərin sonradan müxtəlif xəstəliklər səbəbindən dünyasını dəyişməsi hallarına münasibətidir. Rəhimovun iddiasına görə, səhhətində problem olan şəxslər orduya aparılmır.
Xatırladaq ki, Arzu Rəhimov mətbuat nümayəndələrinə açıqlamasında bildirib: “Bu gün Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların sağlamlığı ən öndə duran məsələdir və buna diqqət yetirilir”.
Xidmət rəisi qeyd edib ki, çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Çağırışçıların sağlamlığı ilə bağlı heç bir şikayəti olmadıqda, mütləq qaydada rentgen-flüoqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb olunur. Əgər şəxs sağlamlığı ilə bağlı hər hansı problemi olduğunu bildirirsə, bu zaman o, mütəxəssisin yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı dəqiq olmayan, şübhəli nə isə olarsa, bu zaman hərbi həkim komissiyasına göndərilir.
A. Rəhimovun sözlərinə görə, orduda əsgərin xəstələnməsi məntiqi haldır: “Çünki özünü sağlam hesab edən insan da sabah xəstələnə bilər”.
Xidmət rəisi deyib ki, bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur: “Çünki hər bir həkim məsuliyyət daşıyır. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır. O sənədlər də saxlanılır. Sonradan baş vermiş hər bir hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, cinayət işi açılır. İndi deyirsiniz ki, həkimlər verdikləri rəyə imza atanda bunu fikirləşmirlər? Bunların hamısı arada olan söhbətlərdir”.
Amma bəzi hərbi ekspertlər hesab edirlər ki, Arzu Rəhimovun dedikləri reallıqla bir o qədər də səsləşmir. Məsələn, ölkədə böyük səs-küyə səbəb olmuş Ceyhun Qubadovun ölüm faktı ilə bağlı araşdırmaların heç bir nəticəsi olmadı. Ən azı buna görə kiminsə cəzalandırıldığı nə mətbuata, nə ictimaiyyətə bəlli deyil.
Digər faktlara göz ataq: bu ilin yanvarında 20 gün əvvəl həqiqi hərbi xidmətə çağırılan əsgər Toğrul Rüstəmli həyatını itirdi. Onun xəstəlikdən dünyasını dəyişdiyi açıqlandı. Xidmət rəisi deyə bilərmi, 20 gün içində əsgər hansı ağır xəstəliyə mübtəla ola bilərdi ki, sonda da dünyasını dəyişsin. Deməli, o, hərbi xidmətə çağrılan zaman qeyri-sağlam olub. Amma buna görə həmin əsgəri ordu sıralarına göndərən müvafiq hərbi komissarlıqda kimsə cəzalandırıldımı? Ona müsbət rəy verən həkimlərdən necə, cəzalanan oldumu? Hər halda bizə bu barədə heç nə məlum deyil. Əgər hörmətli generala məlumdursa, jurnalistlərlə növbəti brifinqdə bunu açıqlaması yaxşı olardı.
Yaxud, ötən ilin dekabrında rəsmi məlumat yayıldı ki, Azərbaycan Ordusunun bir aylıq əsgəri Müdafiə Nazirliyinin hərbi hospitalında dünyasını dəyişib. Bu, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev idi. Yenə eyni sual meydana çıxır: 22 yaşlı gənc orduya sapsağlam göndərilmişdisə, o bir ayda ölümcül xəstəliyi necə tapdı? Bu, mümkündürmü? Yenə şübhə yoxdur ki, o hərbi xidmətə çağrılarkən səhhətində problemlər olub, amma nədənsə həmin problemlər gəncin çağrıldığı hərbi komisarlıqdakıların diqqətini çəkməyib. Amma həmin ölüm faktından sonra da kimlərinsə cəzalandırıldığını nə eşitdik, nə bildik. Qoy bu barədə də xidmət rəisində hər hansı bilgi varsa, mətbuata açıqlasın ki, ictimaiyyətin də xəbəri olsun.
Belə faktların sayını daha da artırmaq olar. Amma hesab edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin guya xəstə gənclərin orduya aparılmadığı, onların sağlamlığı barədə rəy yazan həkimlərin qanunlar qarşısında cavabdehlik daşıdıqlarını hiss etdikləri və bu səbəbdən belə hallara yol verməkdən çəkindikləri haqqında söylədikləri reallıqla qətiyyən səsləşmir. Bunu elə bizim yuxarıda xatırlatdığımız faktlar da təsdiqləyir.
Səbəb isə ondan ibarətdir ki, belə qanunsuzluqlara yol verənlər cəzalandırılmayacaqlarını bilirlər. Ən azı indiyədək bu cür ölüm faktlarına görə kiminsə cəza aldığı bəlli deyil, belə bir cəzasızlıq atmosferi isə hərbi çağırışçılarla bağlı hərbi komissarlıqların, həkim komissiyalarının sağlamlığında problem olan gəncləri orduya göndərməsi, əvəzində isə sağlam, amma imkanlı şəxsləri hərbi xidmətdən azad etməsi kimi öz maraqlarına hesablanan addımlar atmasına gətirib çıxarır.
Odur ki, Arzu Rəhimovun yuxarıdakı məlum açıqlamalarının həm hərbi ekspertlər, həm mətbuat, həm də ictimaiyyət nümayəndələri tərəfindən narazılıqla qarşılanması tamamilə başadüşüləndir. Hər halda reallıqlar və faktlar xidmət rəisinin dediklərinin tam əksini deyir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53