Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 19-da İsmayıllı rayonunda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə İsmayıllı şəhərində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Eyyub Musayev, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, hüquq şöbəsinin müdiri Pakizə Abbasova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxış edənlər narkomaniya ilə mübarizədə maarifləndirmənin əhəmiyyətli olduğunu bildirib, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən bəhs ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından böyük önəm daşıyır. Qeyd olunub ki, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. Müasir dövrdə isə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox bilik qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər.
Diqqətə çatdırılıb ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması onların zərərli vərdişlərdən çəkinməsində vacib faktordur. Qeyd olunub ki, bu gün müasir müstəqil Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclər cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Dövlətimizin başçısı gənclərin hərtərəfli inkişafı, onların sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Sevindirici haldır ki, Azərbaycan gəncləri 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirlərində şanlı ordumuzun sıralarında yüksək vətənpərvərlik, şücaət və qəhrəmanlıq göstəriblər.
İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.