Milli Şura kimə lazımdır?
Milli Şura kimə lazımdır?

Azərbaycanın indiki tarixi dönəmdə ciddi seçim qarşısında durduğu cəmiyyətimizdə az qism insana məlumdur... Əksəriyyət hesab edir ki, bu gün ölkədə həmişə olduğu kimi hakimiyyət kreslosu uğrunda mübarizə gedir. Hər halda orta statistik azərbaycanlı belə düşünür. Və belə düşündüyünə görə, siyasi düşərgələrdən heç birinin oyununa qatılmaq istəmir. (Bu, başqa bir söhbətin mövzusudur, amma qeyd edilməlidir ki, “ağatlı oğlan”ın intizarında olan bu orta statistik azərbaycanlının düşüncə tərzini dəyişdirə bilməsək, bu cəmiyyət uzun müddət ərzində novruzəlilər yığınından ibarət olaraq qalacaq).

Qərbin ələyatımlı aləti

Ötən əsrin doxsanıncı illərindən ölkədə fəaliyyətdə olan siyasi qüvvələrin spektrini diqqətlə təhlil edəndə qəribə bir qanunauyğunluğun şahidi oluruq: Qərb dövlətləri ölkədəki və o cümlədən bölgədəki maraqlarını reallaşdırmaq üçün Azərbaycan müxalifətindən iqtidara və dövlətə təzyiq məqsədilə səmərəli şəkildə istifadə edə bilir.
Biz bunu ötən prezident seçkilərində dəfələrlə görmüşük. Həm 2003-cü ildə, həm də 2008-ci ildə.
Və bu gün yenə də eyni ssenarinin hazırlandığını və artıq effektli şəkildə həyata keçirilmək niyyətinin ortada olduğunu görürük. Amma bu məqamda daha qəribə və indiyə qədər görmədiyimiz daha əcaib bir maraq ümumiliyinin şahidi oluruq. Bu da ondan ibarətdir ki, Azərbaycan müxalifətinə yanaşma baxımından Qərblə Rusiyanın mövqeyi üst-üstə düşməyə başlayıb. İlk dəfədir ki, Qərb Azərbaycana Rusiyanın gözü ilə baxır, Rusiya isə Qərbin gözü ilə. Bizimlə... Azərbaycanla...

Dəyişən geopolitik
gerçəklik

Bəs Qərblə Rusiyanın indki məqamda Azərbaycana yanaşmasında müşahidə edilən mənafe ümumiliyi nədən ibarətdir?
Ekspertlərin fikrncə, SSRİ-nin dağılması ərəfəsində həm iqtisadi, həm də siyasi cəhətdən çöküş yaşayan Rusiyanın başı daxili məsələlərinə qarışdığından və regionda gedən proseslərin qarşısının alınmasına gücü çatmadığından Cənubi Qafqazın Qərbin və ABŞ-ın əlinə keçməsinə göz yumur və bölgəni ələ keçirmək üçün fürsət gözləyirdi. Şimal qonşumuz yaxşı başa düşürdü ki, ABŞ-ın regionda əsas məqsədi Azərbaycan neftinin başındadır. Neft bitdikdən sonra regionda qalmasının o qədər də əhəmiyyətinin olmadığını dərk edən supergüc yenidən Rusiyanın böyük dövlət vizyonunun açarını ona qaytara bilər. Və artıq o dövr yaxınlaşır. Azərbaycanın neft resurslarının getdikcə tükənməsi və bağlanan müqavilələrə görə artıq bu əməkdaşlıqdan Qərbdən daha çox, Azərbaycanın xeyir qazanacaği gerçəkliyi Qərbin bölgəyə marağını azaldıb və bunu son zamanlar ölkə rəhbərlərimizlə BP arasında yaşanan deyişmələr də sübut edir. Qərb artıq Bakı neftindən qazandığını qazanıb. Bundan sonra onun buradakı fəaliyyəti qazandığı kapitaldan bir qismini investisiya kimi neftin istismarına yönəltməsi şəklində ola bilər. Neft şirkətləri investisiya qoyacağı təqdirdə isə hasil olunan neftin 4/3-ü Azərbaycana, 4/1-i isə qlobal neft şirkətlərinə çatacaq. “Əsrin müqaviləsi” adlandırdığımız sazişlərin şərti belədir. Təbii ki, Qərb investorları bu xərcin çəkilən borcu ödəməyəcəyi qənaətindədirlər. Bu səbəbdən də ötən ilin sonlarında dövlət başçısı İlham Əliyevin təkidli israrına rəğmən bp-nin rəhbərliyi neft hasilatını artırmaq istiqamətində heç bir əməli tədbir görmədi.
Lakin “əsrin müqaviləsi”ndən imtina etməyin də Qərbin neft şirkətlərinin maraqlarına uyğun olmadığını qeyd etməklə bərabər bildirməliyik ki, əks təqdirdə onlar beynəlxalq məhkəmələrdə cavab verməli olar və təzminat ödəyə bilərlər. Belə vəziyyətdə ən uğurlu variant regionda fors-major hal yaradıb vəziyyətdən çıxmaqdır. Fors-major halı yaratmaq isə Rusiyaya həvalə edilib. Rusiya da öz tarixi imperial vizyonunu bərpa etmək üçün bunu məmnuniyyətlə qəbul etmək arzusundadır.
Oxucu xatırlayırsa, qonşu Gürcüstanın prezidenti Mixail Saakaşvili dəfələrlə Qərbi xəbərdarlıq edərək bəyan emişdi ki, Cənubi Qafqazın başı üzərini rus təhlükəsi almaqdadır və bu təhlükənin ən böyük ziyanı Azərbaycana dəyəcək və Azərbaycanı xüsusi qorumaq lazımdır.
Yeri gəlmişkən, ölkədəki bəzi politoloqlar Saakaşvilinin bu bəyanatlarını öz hakimiyyətini qoruyub saxlamaq və indiki siyasi rəqibi Bidzina İvanişviliyə qarşı mübarizədə siyasi dəstək qazanmaq üçün edilmiş siyasi jestdir.
(Bu o deməkdir ki, bizdə nəinki siyasətçilər, hətta adlı-sanlı politoloqlar da qlobal şəkildə düşünməyi bacarmırlar!)
Sözümüzün davamı kimi qeyd edək ki, Saakaşvili artıq neçənci dəfədir ki, Qərbə ünvanladığı hay-küyün səbəbi budur və strateji fəlakət deyərkən bunu nəzərdə tutur. Amma... Amma siyasətə Qərb məktəbindən gəlmiş Saakaşvili də nədənsə anlamaq istəmir və yaxud anlaya bilmir ki, Cənubi Qafqazda strateji fəlakətin yaradılması Qərbin də maraq dairəsinə daxildir. Və əslində bu fəlakət Gürcüstandan çox, Azərbaycanı gözləyir. Hətta bəlkə də Gürcüstan üçün yeni perspektivlərin açılmasına səbəb ola bilər. Çünki Azərbaycan Rusiyanın pəncəsinə keçəndən sonra, Rusiyanın təsir dairəsinə düşən Gürcüstan şimal qonşumuzla Türkiyə arasında tranzit bölgəsinə çevriləcək ki, bu da ona Bakı-Tbilisi-Ceyhan kəmərindən daha artıq iqtisadi dividend gətirəcək. Belə ki, Rusiya ilə Türkiyə arasında bağlanan müqavilələrə görə, iki ölkə arasındakı ticarətin həcmi 2015-ci ilə qədər 26 milyarddan 100 milyarda qədər yüksəldiləcək. Bu isə indiyə qədər Bakı-Ceyhan kəmərindən axıdılan neftin qiymətindən xeyli çoxdir. Gürcüstan bu malların tranzitindən Azərbaycanla müqayisədə daha artıq pul qazanacaq. Azərbaycan isə istismar olunan sərvətinin təəssüfünü yaşaya-yaşaya onu bu günlərə salanların qarasınca gileylənəcək.
Cənubi Qafqazın Rusiyaya hədiyə edilməsinin digər səbəbi Yaxın Şərqdə yaşanan geostrateji mübarizə ilə də bağlıdır. Görünür, Suriya məsələsində ABŞ-a güzəştə gedən Rusiya əvəzində Cənubi Qafqazın yenidən sahibinə çevrilmək təklifiylə razılaşmışdır. Vəziyyətin bu həddə gəlməsinin ən böyük səbəbi Qərbin bölgədəki və o cümlədən Yaxın Şərqdə gerçəkləşdirmk istədiyi planlarla bağlıdır.
Bu planları şərh etməzdən öncə Qərblə Rusiyanın yaxın Şərqdə ümumi dil tapa bildiyi prosesləri nəzərdən keçirtmək lazımdır. İranla Rusiyanın zahiri (!) müqavimətlərinə baxmayaraq Suriya məsələsi artıq Qərbin və Birləşmiş Ştatların nəzərdə tutduğu ssenari üzrə həll edilmək əlamətləri sərgiləməyə başlayır. Birləşmiş Ştatların prezidenti Barak Obamanın Suriya müxalifətini silahlandırmağa başlamaq barədə verdiyi rəsmi bəyanat ondan xəbər verir ki, Rusiya artıq Suriyanın arxasından çəkilib.
Ortada qalır İran. Hazırda məlum səbəblər üzündən ağır iqtisadi duruma düşmüş İranın Suriyaya ciddi siyasi və yaxud hərbi dəstək verə bilmək qabiliyyətində olması ciddi şübhə doğurur.
Cənubi Qafqazın yaxın perspektivdə qısa şəkildə təsvir etdiyimiz mənzərəsi belə ola bilər. “Ola bilər” deyirik. Çünki indiki tarixi kəsimdə Azərbaycan həm Rusiya, həm də Qərb üçün eyni nişangahda görünməkdədir. Və bu eyniyyətin ən tipik nümunəsi “Milli Şura” deyilən qurumdur.

Milli Şurada kimlər var?

Heç indiyə qədər Azərbaycan müxalifətinin bu qədər yekdillik nümayiş etdirdiyini görmüşdünüzmü? Bu müxalifət sanki bir mərkəzdən (daha doğrusu, üç mərkəzdən!) komanda alırmış kimi üzüyola şəkildə Milli Şurada cəmləşdi. İslamçılar, liberallar, millətçilər, sosdemlər, veteranlar (yəni müsavatçılarla cəbhəçilər) və s. və i.a. Və günlərin birində bu qurumun kütləvi siyasi aksiyalara başlamaq barədə qərarı yayılsa, qətiyyən təəccüblənməyin.
Qurumun formal lideri hesab edilən Rüstəm İbrahimbəyovun Moskva sərgüzəştləri başa çatdıqdan sonra onun Amerikaya qastrola çıxması da yuxarıda təsvi etdiymiz Qərblə Rusiyanın Cənubi Qafqazdakı geopolitik oyunlarının tərkib hussəsi kimi dəyərləndirilə bilər.
Digər maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın xeyir-duası ilə yaradılmış Milyarderlər İttifaqının üzvü olan Rüstəm İbrahimbəyovun qəflətən Amerikaya səfər etməsi və orada görüşlər keçirməsidir.
Adətən, Rusiyaya bağlı olan fiqurun səsi elə Rusiyadan gəlirdi. Məsələn, Ayaz Mütəllibov və Vaqif Hüseynov kimi.
Və yaxud uzun illərdir ki, müxalifətə keçmiş eks-spiker Rəsul Quliyevin Rusiyaya bağlı olması barədə heç kim danışmayıb və bununla bağlı əldə konkret fakt da yoxdur. Çünki Rəsul Quliyev Amerikada yuva qurub və o, 2003-cü ildə Azərbaycana qayıtmaq istəyəndə gəldiyi təyyarədə onu Amerika və ingilis kəşfiyyatçıları müşayiət edirdilər.
Rüstəm İbrahimbəyovun Rusiya sərgüzəştlərindən sonra Amerika turnesinə çıxması yuxarıda dediyimizi bir daha sübut edir.
Fərzuq Seyidbəyli