Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib.
"Unikal" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı açıqlamasında bildirilir.
Qeyd olunur, ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndirilib. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hazırda vəziyyətləri yaxşıdır.
"Həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır", - açıqlamada deyilir.
*** 17:38
Sumqayıtda iki məktəbli zəhərlənib.
Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub.
Bildirilib ki, KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı həmin gün ambulator müalicə üçün evə buraxılıb.