İcra başçıları baş verənlərdən nəticə çıxarmır
02:18 12-04-2012
İQTİSADİYYAT
İcra başçıları baş verənlərdən nəticə çıxarmır
Şəmkirdə sahibkarlarla problem yaşanır, Yardımlıda "klan" davası gedir, Cəlilabadda isə icra başçısının obyekti yandırılıb
Əyalətlərdəki bu qədər problemlərə rəğmən yerli hakimiyyətlərin duruma dırnaqarası yanaşması təəccüb doğurandır. Çünki həmin problemlər üzündən artıq bir neçə rayonda ciddi və təsirli aksiyalar keçirilib, insanlar ayağa qalxıblar. Amma buna baxmayaraq, şəxsi mənfəətlərini daha çox önə çəkən məmurlar baş verənlərdən nəticə çıxarmayıblar. Durum isə günbəgün pisləşir və hadisələr labirintə girmək həddinə çatıb.
Şəmkirdə vergi hücumu
Şəmkir rayonunda yerli İcra Hakimiyyəti ilə sahibkarlar arasında yeni bir sıxıntının əsas qoyulmağa başlayıb. Daha doğrusu, icra başçısı Nazim Veysov rayondakı bazarlarda nəzarətini gücləndirmək və onları ələ keçirmək üçün yeni oyun qurub.
Bu barədə qəzetimizə məlumat verən mənbələr bildirirlər ki, sözügedən şəxsin yeni oyunu vergi müfəttişlərinin əliylə həyata keçirilir.
Mənbə bildirir ki, sahibkarlarla icra başçısı arasındakı sıxıntı bir xeyli əvvəllə gedib çıxır. Problemin yaranmasının səbəbi isə bazarlardan əldə olunan gəlirdən onda pay verilməməsi ilə bağlıdır.
Məlumatda deyilir ki, Veysov bir neçə dəfə dolayısı ilə bazar sahiblərinə xəbərdarlıq edib ki, ona da gəlirdən pay versinlər. Lakin sahibkarlar onun bu təklifinə əhəmiyyət verməyiblər.
Qeyd edilir ki, icra başçısı artıq bir həftədir göstəriş verərək vergi müfəttişlərini bazarlara və ticarət mərkəzlərinə yollayıb. Müfəttişlərin qarşısına qoyulan tələb isə budur ki, nəyin bahasına olursa-olsun həmin bazarlarda "ÇP" tapmalıdırlar. Elə sözügedən məmurlar da bütün qüvvələrini "ÇP" axtarışına sərf edirlər ki, bunun da yekunda nə ilə nəticələnəcəyi məlumdur.
Mənbə deyir ki, Nizami Veysov vergilər naziri Fazil Məmmədovun yaxın adamıdır və bu səbəbdən də onun müfəttişlərin əliylə hərəkət etməsində ciddi problem yaşanmır. Elə bu səbəbdən də şəmkirli sahibkarlar çıxış yolları axtarmağa başlayıblar. Hətta onlardan birinin bu yaxınlarda Bakıya gələrək rəsmi qurumlara müraciət etdiyinə dair məlumatlar da var.
Türkanlılar Xəzərə
həsrət qalacaq
Türkan qəsəbəsində bağlar massivi ərazisində Xəzər dənizi hasara alınır. Bu barədə həmin bağların sahibləri məlumat veriblər. Onlar ərazidə şıdırğı tikinti işlərinin getdiyini bildiriblər.
İndi həmin bağlarda yaşayanlar dəniz üzünə həsrət qalacaqlar. Dənizi görmək üçün gərək ayaqlarının altına bir şey qoyub bir az yuxarı çıxsınlar.
Qeyd edək ki, Xəzər dənizinin sahillərinin hasara alınması prosesi təkcə Türkanda deyil, digər qəsəbələrdə də həyata keçirilir.
Məsələn, Nardaran və "Sahil" qəsəbələrində də durum eynidir. Bakı-Astara yolunun üzərindəki sahil zolağında yeni obyektlərin inşası və hasarlanması prosesi isə daha çox gözə girir. Bunun kimlər tərəfindən həyata keçirildiyi barədə uzun-uzadı danışmaq mümkündür. Dəqiq məsələdir ki, hasarlanma və dolayısı ilə "işğal" prosesini həyata keçirənlər dövlət məmurlarıdır. Məqsədləri isə yeni iaşə və turizm obyektləri inşa edərək, özlərinə biznes sahələri yaratmaqdır.
Ancaq bir məsələ var ki, hələ xeyli əvvəl, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Xəzərin sahil zolağında tikinti işlərinin aparılması qadağan edilib. Hətta bununla bağlı həmin vaxt keçirilən müşavirədə dövlət başçısı Heydər Əliyev məmurları danlayaraq, onlardan belə hallara son qoymasını tələb etmişdi. İndi isə həmin sərəncama əhəmiyyət verilmədiyindən vəziyyət bu şəkili alıb.
126 ailənin taleyi
sual altındadır
Sumqayıtda isə problemlərin ardı-arası kəsilmir. Eldar Əzizovun sökərək, yenidən yığmaq istədiyi şəhərdə ard-arda meydana gələn problemlərə dünən daha biri əlavə olunub. Belə ki, Sumqayıt şəhərinin mərkəzində bina aşmaq təhlükəsi ilə üz-üzə qalıb. Şəhər sakinlərinin verdikləri məlumata görə, aşan bina 15-ci məhəllədə, Sumqayıt Avtovagzalının yaxınlığında yerləşən 126 mənzilli 7 saylı yataqxanadır.
Sakinlər deyirlər ki, dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsələr də gələn olmayıb: "Bizə bildiriblər ki, bu gün (dünən-red.) saat 15:00-da icra basçısı Eldar Əzizov ərazidə olacaq, binaya baxacaq. Artıq binanın bir hissəsi aşıb".
Yardımlıda yeni təyinat
şoku yaşanır
Xəbər verildiyi kimi, srağagün prezidentin sərəncamı ilə Yardımlı rayonunun icra başçısı Xəzər Aslanov başqa rayona təyinat alıb. Bundan sonra "eksperiment"lərini Xızı rayonunda həyata keçirməyə hazırlaşan Aslanovun bu gün təqdim olunacağı gözlənilir.
Amma əsas problem Yardımlıda yaşanır. Çünki bu rayona göndərilmiş yeni icra başçısı Sevindik Hətəmov gecə Yardımlıya gələrək, oradakı vəziyyətlə tanış olub.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, keçmiş deputat indidən kimlərlə işləyəcəyini müəyyənləşdirməyi düşünür. Çünki Aslanovun komandasından narazı qalan camaatın qarşısına çıxmaq üçün onun yeni təyinatlar etməsi şərtdir.
Rayonda isə qarışıqlıq yaranıb. Səbəb isə Aslanov gedəndən sonra köhnə komandanın üzvlərinin böyük əksəriyyətinin işdən çıxarılacağı ilə bağlı məlumatların yayılmasıdır.
Yardımlıdan aldığımız məlumata görə, ən çox narahat olan şəxs isə icra başçısının birinci müavini Mahir Mirzəyevdir. Mənbə bildirir ki, rayondakı bütün vəzifələri ələ keçirən və bununla da ciddi narazılığın əsasını qoyan Mirzəyevin artıq işdən çıxarılacağı barədə fikirlər dolaşır.
Yardımlıda gəzən söhbətlərə görə, dünən gecə o və adamları bir araya gələrək, yeni təyinatı müzakirə ediblər. Həmin müzakirələrin yekun nəticəsi isə ondan ibarət olub ki, Mahir Mirzəyevin işdən qalması mümkün olmayacaq. Üstəlik, onun vəzifə başında olan qohumları da işdən çıxarılacaq. Vəziyyətdən çıxmaq üçün Sevindik Hətəmovla görüşüb, onunla saziş bağlamağın vacib olduğ qənaətinə gələn Mirzəyevin "klanı"nın buna nail olub olmayacağı isə məlum deyil.
Sabirabadda
nisbi sakitlikdir
Xəbər verdiyimiz kimi, srağagün Sabirabad rayonunun Minbaşı kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Sosial tələblərlə meydana çıxan 500-dən artıq insan yerli hakimiyyətdən problemlərinin həllini tələb edirdilər. Şirvana gedən yolu bağlayan kənd sakinlərini polisin gücünə dağıda bilməyən İcra Hakimiyyəti isə Daxili Qoşunları rayona dəvət etmək məcburiyyətində qalmışdı. Lakin sonradan icra başçısı özü etirazçılarla görüşərək, onların problemlərinin həllinə yardımçı olacağına söz verib.
Rayondan aldığımız məlumata görə, Sabirabadda hal hazırda nisbi sakitlik hökm sürür. Sakinlərin dediyinə görə, Minbaşı kəndi hələ də polisin mühasirəsindədir və onların aksiya keçirmələrini önləmək üçün lazım olan tədbirlər görülür. Sakitliyin nisbi şəkil alması isə icra başçısının vədləri ilə bağlıdır. Minbaşı kəndinin insanları isə bildirirlər ki, bir həftə içində tələbləri yerinə yetirilməsə, yenidən etiraz aksiyasına başlayacaqlar. Lakin bu dəfə Sabirabadda deyil, birbaşa Bakıda davamlı mitinqlər təşkil edəcəklər.
Samuxa 2.5 milyon
manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin rəsmi saytının verdiyi məlumata görə, 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Samux rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
İcra başçısının
obyekti yandırıldı
Aldığımız məlumata görə, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunda yerləşən "Tut Bağı" adlı İstirahət Mərkəzi yanıb. Daha doğrusu, bu istirahət mərkəzinin yandırıldığına dair iddialar var.
Rayondan verilən məlumatda deyilir ki, həmin obyekt Cəlilabadın icra başçısı Əziz Əzizova məxsus olub.
Bəzi iddialara görə, bunu həmin ərazidə yaşayan insanlar ediblər.Çün ki, hər dəfə icra başçısının yaxın adamları tərəfindən bu tələblərin qulaqardına vurulması isə yekunda yanğının baş verməsini şərtləndirib.
Rayon sakinləri deyirlər ki, Əziz Əzizov Cəlilabadda icra başçısından daha çox, biznesmen kimi davranır. Elə bu səbəbdəndir ki, rayonda onun hektarlarla torpaq sahəsi əldə etdiyi və onlarla iaşə obyektləri yaratdığı deyilir. Onun maraqlarına xidmət edən, daha dəqiq, ona gəlir gətirən market və dükanların sayı isə bəlli deyil.
Əzizovun bu qədər sərbəst olmasının başlıca səbəbi kimi isə komitə sədri Kərəm Həsənovun ən yaxın adamı olması göstərilir. Rayon sakinləri deyirlər ki, komitə sədrinə güvənən və bu səbəbdən də kimsənin ona bir şey etməyəcəyini dilə gətirən Əzizov Cəlilabadda olduqca ciddi narazılıqların əsasını qoymağa başlayıb. Hətta rayon sakinləri deyirlər ki, əgər bu şəkildə davam edərsə, Cəlilabadda da Quba hadisələrinin bənzəri yaşana bilər.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00