"Futbolçulara çox iradım yoxdur, amma daha yaxşı oynaya bilərdilər".
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenham”ə qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Qurban Qurbanov rəqibi təbrik edərək bildirib ki, həm ustalıq, həm də təcrübə qalib gəldi: "Şanslarımız çox oldu, lakin təcrübə və ustalıq nəticəni müəyyən etdi.
Futbolçularda həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatının burada keçirildiyini hamı bilirdi. “Tottenham” həmişə liderlər sırasında olub və yüksək yerlər üçün oynayır.
Futbolçular da bunu anlayırdılar, bu isə onların həyəcanına səbəb oldu. Məncə, bu həyəcan bizə mane oldu. Elə oyunçularımız var ki, bu səviyyəyə yenicə çatıb, tam formalaşmayıblar.
Rəqibin ustalığı bizə qalib gəldi. Bəsit qollar buraxdıq və özümüz onlara qol vurmaq üçün şərait yaratdıq. Daha yaxşı nəticə əldə edə bilərdik", - deyə Qurban Qurbanov vurğulayıb.