Siyasi hicranın vüsalı şura keşişidir?
20:59 28-06-2013
İQTİSADİYYAT
Siyasi hicranın vüsalı şura keşişidir?
"Rüstəm İbrahimbəyov Bakıya gələcəkmi və əgər gələcəksə, nə edəcək?"
Azərbaycan müxalifətini maraqlandıran suallardan biri kimi qələmə verilən bu məchulluğu indi solçu olan sağçılar, sağçılıq edən solçular və hər iki tərəfdən ayrı durduqlarını deyən, əslində heç nə etməyən mərkəzçilər çözməyə çalışırlar.
Ölkə müxalifətinin yeni birlik modeli təki qurulan, əslində isə yarandığı ilk gündən uğursuzluğa düçar olan Milli Şuranın halına bax ki, Rüstəm İbrahimbəyovun gəlişindən asılı duruma düşüb. Şuradakı müxalifətçilərin özləri də pəsdən danışdıqları söhbətlər zamanı etiraf edirlər ki, sədrləri, yəni cənab İbrahimbəyov Bakıya gəlməsə, təşkilat faktiki olaraq dağılacaq.
İbrahimbəyovu kreatura kimi ortaya ataraq prezident seçkilərində namizəd etməyə çalışan qüvvə də məğlubiyyətə doğru getdiyini anlayır. O qüvvə "Azərbaycanı çox sevirik, Azərbaycanı və azərbaycanlıları düşünürük" desə də, sözlərində zərrə qədər səmimiyyət olmayan "Milyarderlər İttifaqı"dır.
Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Söyün Sadıqov da son müsahibələrindən birində vəziyyətin qəlizləşdiyinə üstüörtülü işarə vurub və İbrahimbəyovun Bakıya bilet almayacağı təqdirdə, Milli Şuranın qapılarına qıfıl vurulası siyasət dükanına çevriləcəyini dolayı yolla anladıb.
Belədirsə, prezident olmaq arzusunu gizlətməyən R.İbrahimbəyov nə üçün Bakıya gəlmir, çox güclü və mətin təşkilat kimi təbliğat etdiyi Milli Şurasına rəhbərlki etmir, yardımçısı və müşaviri, eyni zamanda yeni idefiksin yaradılmasında əhəmiyyətli rol oynadığını vurğulamağa çalışan EL hərəkatının lideri Eldar Namazovla birlikdə aktiv fəaliyyətə başlamır? Nə də olmasa, Milli Şura ideyasına inanan sıravi müxalifətçilərin, habelə ziyalılar, siyasətçilər və s. şəxslərin gözlərinin kökü zəfəran rəngini almaqdadır artıq.
Üzvlər burada, ideya burada, mübarizə məkanı kimi qələmə verilən, amma hər ağızdan bir avazın gəldiyi müxalifət düşərgəsi də burada - amma zati-möhtərəm İbrahimbəyov oralarda.
Dediklərindən belə anlamaq olur ki, ssenariçi və həm də kinodramaturq oralarda, yəni ABŞ və Avropada bir zamanlar Aleksandra Mixaylovna Kollontayın bolşeviklər üçün gördüyü işləri yerinə yetirməkdədir.
Yəni adam müxalifətin istəyini Qərb ölkələrinin rəhbərlərinin və siyasi mərkəzlərinin nəzərinə çatdırır, Milli Şuranın nə olduğunu anladır, dəstək istəyir. Di gəl, Kollontaydan fərqli olaraq, İbrahimbəyova öz tərəfdarları saydıqları adamların da çoxu inanmamağa başlayıb.
Necə inansınlar ki, oktyabrda keçiriləcək prezident seçkilərinə qalmış vaxt sürətlə azalmaqda ikən həmin səsverməyə qatılmaq fikrini "təvazökarcasına" dəfələrlə izhar etmiş Milli Şura sədrinin Bakıya gəlmək niyyəti yoxdur.
Bəlkə də var, amma qorxur və həbs ediləcəyini düşünür.
Yainki qorxmur və həbsdən də çəkinmir, amma utanır. Utanmasa belə, şanslarını dürüst qiymətləndirir və görür ki, haşa, deyilənlərlə edilənlər arasında həmişə mütləq fərq olduğu kimi, müxalifətçiləri mübarizəyə çağırmaqla həmin adamların arasında olmaq çox alayı məsələlərdir.
Əslində söhbət hansı müxalifətçilər və mübarizədən gedir?
AXCP və Müsavat partiyalarının rəhbərlərindən tutmuş, orta səviyyəli funksionerlərinədək olan çevrələrdə Rüstəm İbrahimbəyova zərrə qədər ümid, inam və etimad yoxdur.
Cəbhəçilərlə müsavatçılar onu artıq aşkar şəkildə qorxaq adlandırırlar. Üstəlik, Rüstəm İbrahimbəyovun prezident seçkilərinə müxalifətin vahid namizədi və Milli Şuranın sədri kimi qatılmaq istəyi, təbii ki, AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbəri qıcıqlandırır. Onlar hisslərində və tutduqları mövqelərdə tamamən haqlıdırlar: ölkədən kənarda durub ölkəni çamura bulaşdırmağa çalışan, vədlərinə əməl etməyən, son aylarda sürəkli şüarçılığa və siyasi vaysınmalara adət edən fərdin yaşına, siyasətdən kənarda tutduğu yerə, qazandığı sənətçi nüfuzuna və qeyri nəsnələrə rəğmən, müxalifəti təmsil etməyə nə haqqı var, nə də hüququ.
"Amerikada görüşlər keçirirəm" deməklə baş aldatmaq da artıq işlək oyun deyil, çünki Birləşmiş Ştatların hakimiyyət dairələrində yüksək rütbəli bir yana - müşavirin müşavirinin müşaviri səviyyəsində adam belə, Rüstəm İbrahimbəyovu qəbul etməyib.
Milli Şuranın sədri siyasi dissidentliklə real siyasətçiliyi, rəvayətlər danışıb illüziyalar aləminə qapılmağı gerçək işlə səhv salıb.
Əslində, başqa cür ola da bilməzdi. Siyasətdə tam diletant, ölkə müxalifətindəki münasibətlərdə və qarşılıqlı maraqlar toqquşmalarının anlaşılmasında həvəskar olan insan ahıl yaşına rəğmən, gəmidəki matrosların yanındakı yunqa təsiri bağışlayır.
Onu zorla siyasətə atan və adından istifadə edərək öz maraqlarının təminatına çalışan adamlar da artıq idefiksin baş tutmadığını anlayırlar. "Milyarderlər İttifaqı" Moskvadakı rejissorların təkidi ilə bundan sonra daha da radikallaşa bilər, Bakıda Eldar Namazov Milli Şuranın potensialından istədiyi qədər danışa bilər - amma onların xitab etdikləri müxalifətçilər Rüstəm İbrahimbəyovu lider kimi görmürlər.
Daha doğrusu, onlar Milli Şuranın sədrini ümumiyyətlə görmürlər.
İstəsələr, çalışsalar belə.
Səbəb sadədir. Uzaqda durub insanları harasa, nəyəsə çağırmaq, təhrik etmək asandır. O insanların yanında olmaq və avantüranın baş tutmayacağı təqdirdə rüsvayçılığı yaşamaq ağırdır.
Rüstəm İbrahimbəyov 1905-ci ildə Sankt-Peterburqdakı olaylarda ad çıxarmış keşiş Qaponun kim olduğunu bilməmiş deyil.
Və bəlkə də o bilgidir ki, indi qaponluq edən cənab İbrahimbəyov bol vədlər verdiyi, rəhbəri olduğunu iddia etdiyi təşkilatda, ona inanmaq təki sadəlövhlüyə yol vermiş adamların yanında deyil.
"Gələcəyəm" deyir. Təbii, o Bakıya istədiyi zaman gələ bilər və kimsə də maneçilik törədən deyil.
Lakin gəliş oktyabrdan sonra olacaq.
Oktyabra qədərsə Rüstəm İbrahimbəyov vaxt uzatmaq, günü günə satmaq, ən müxtəlif bəhanələrlə siyasi qorxaqlığına haqq qazandırmaqla məşğul olmaq fikrindədir.
Sonrası Allah kərimdir: Milli Şura puç olandan sonra nə çox bəlağətli adlar və Eldar Namazov təki siyasi nomenklatura aşiqləri.
İllah da ki, Allah hamıya rəhmlidir.
Keşiş Qapona da, onun yeni reinkarnasiyasına çevrilməyə başlamış Rüstəm İbrahimbəyova da. Hətta Milli Şuranın sədri tərəfdarlarını hicran odunda yandırıb vüsalın şirin olduğunu sürəkli söyləsə belə...
Novruz Sultanov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53