Orta Asiya uğrunda "böyük savaş"
21:03 28-06-2013
İQTİSADİYYAT
Orta Asiya uğrunda "böyük savaş"
Bölgədə ağalıq üçün Rusiya, Çin və Qərb "qapışır"
Rusiyanın sahib olduğu böyük təbii qaz ehtiyatlarından siyasi rıçaqlar üçün istifadə etməsi Qərbi və Çini bu asılılıqdan xilas olmaq üçün əməli addımlar atmağa məcbur edir. Bu addımlardan biri də Rusiyadan yan keçən alternativ boru kəmərlərinin inşa olunmasıdır.
Türkiyənin Beynəlxalq Siyasi Akademiyasının internet saytında sözügedən marşrutlarla bağlı yazı yer alıb. Həmin yazını oxuculara təqdim edirik.
Xəzərdən keçən təbii qaz boru xətti layihəsi
Xəzərdən keçən xətti layihəsi bölgədə gündəmə gətirilən ilk ixrac marşrutlarından biridir. Boru xəttinin Xəzər dənizindən daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə torpaqlarından keçməsi nəzərdə tutulur. Qazaxıstan gələcəkdə Cənubi Qafqaz boru xəttinə daxil olmaq üzrə Xəzərin altından keçəcək Aktau-Bakı boru xəttini inşa etməyi hədəfləyir.
Daha sonra isə Transxəzər boru xəttinin "Nabucco" xəttinə daxil edilməsi nəzərdə tutulur. Bu layihə 1990-cı illərin sonuna doğru Xəzərdəki qaz ehtiyatlarının dünya bazarlarına Rusiyadan yan keçən marşrutlarla daşınması üçün Ağ Ev tərəfindən ortaya atılmışdı. Transxəzər layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər çərçivəsində 1999-cu ildə Ankara ilə Aşqabad arasında illik 16 milyard kubmetr təbii qazı ixracını nəzərdə tutan otuz illik bir razılaşma imzalanmışdı. Razılaşmaya görə Ankara ehtiyacı olan miqdarda qazı götürəcək, qalan hissəsini isə Avropaya ixrac edəcəkdi. Bundan başqa Bakı, Aşqabad, Ankara və Tiflis arasında transxəzər təbii qaz boru xətti layihəsinin hüquqi çərçivəsini müəyyən edən sənədə imza atıldı. Ancaq bu boru xətti layihəsinin həyata keçirilməsi üçün bu günə qədər ciddi bir addım atılmayıb. Digər tərəfdən layihənin həyata keçirilməsində bəzi risklər və problemlər var. Xəzər dənizinin statusunun müəyyən edilməməsi bu problemlərin başında gəlir.
"Ağ axın" boru
xətti layihəsi
Tiflis, Kiyev, Bakı və Moldovanın üzvü olduğu GUAM təşkilatının təməl enerji layihəsi olması nəzərdə tutulan və Moskvanın "Cənub axın" boru xətti layihəsinə rəqib hesab edilən "Ağ axın" boru xətti layihəsi Ukrayna tərəfindən irəli sürülüb. İlk dəfə 2005-ci ildə gündəmə gətirilən bu layihə sonrakı illərdə müxtəlif beynəlxalq toplantılarda gündəmə gətirilib.
28 Yanvar 2008-ci ildə Avropa Parlamenti xarici işlər komitəsinin toplantısı zamanı həmin dövrün Ukrayna baş naziri Yuliya Timoşenko ölkəsinin təklifini yenidən dilə gətirmişdi. Qara dənizin altından keçərək Avropaya çəkilməsi planlaşdırılan və İngiltərənin "White Stream Pipeline Co" şirkətinin liderlik etdiyi "Ağ axın" boru kəmərinin illik ötürmə qabiliyyətinin ilkin mərhələdə Azərbaycan, sonrakı iki mərhələdə isə Türkmənistan və Qazaxıstan qazı ilə 32 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Orta Asiya-Çın
boru xətləri
Ağ Evə meydan oxuyan Pekin inkişafını davam etdirmək üçün ehtiyacı olduğu enerji ehtiyatlarının idxalı istiqamətində boru xətlərinin inşasına başlayıb. Pekinin qlobal neft qaynaqlarına çatmaq və öz enerji ehtiyacını təmin etmək istiqamətində atdığı ilk addım 2002-ci ildə qüvvəyə minən "xaricə açılma" siyasətidir. Bu siyasətə görə Pekin enerji təhlükəsizliyini təmin etmək üçün milli neft şirkətlərinə böyük imtiyazlar vermiş, onların xaricdə daha rahat fəaliyyət göstərməsi üçün siyasət aparmışdır. Xaricdə fəaliyyət göstərən şirkətlər arasında Çin Milli Neft Şirkəti, Çin Neft və Kimya Şirkəti, Çin Milli Sahil Neft Şirkəti kimi şirkətlər xüsusi seçilir.
Orta Asiya bölgəsi Avrasiyanın ürəyi mövqeyindədir. Qazaxıstan, Türkmənistan və Özbəkistan hidrokarbon ehtiyatları ilə zəngindir. Astana və Daşkəndin zəngin uran ehtiyatları var. Bundan başqa isə Qırğızıstan və Tacikistan su ehtiyatları baxımından olduqca zəngindir. Bu baxımdan Pekin üçün bölgə ilə əməkdaşlıq etmək, təbii ehtiyatların daimi və etibarlı yollarla idxalı, nüvə enerjisi sahəsində əməkdaşlıq və Qərbi Çini inkişaf etdirmək baxımından vacibdir.
Çinli mütəxəssislərə görə, Orta Asiya və Xəzər bölgəsi neft ehtiyatları baxımından diqqətə mərkəzindədir. Orta Asiya neftinin beynəlxalq bazarlara çıxması üçün ehtiyac duyulan siyasi və iqtisadi şərtlər mövcuddur. Bölgə dövlətləri ilə Pekin arasındakı tarixi və mədəni münasibətlər Pekinin bölgəyə girişini də asanlaşdırır. Pekin "ehtiyatlara yerində çatmaq" siyasətini həyata keçirməkdə, xüsusilə Qazaxıstana sərmayələr qoymaqdadır. Bu baxımdan ən diqqət çəkən addımlardan biri 2005-ci ilin noyabr ayında Çin-Orta Asiya boru xəttinin bir hissəsi olan Atası-Alaşankou boru xəttinin inşasının yekunlaşması oldu. Astananın ən böyük neft yataqlarından birini Çinin Şərq bölgələri ilə bağlayan xəttin uzunluğu min kilometrdir. İlkin mərhələdə illik 10 milyon ton neft daşıyan boru xətti 2011-ci ildə bunu 20 milyon tona çatdırmışdır.
Bölgədə həyata keçirilən layihələr arasında ən diqqət çəkəni Çin Milli Neft Şirkəti tərəfindən maliyyələşdirilən Orta Asiya təbii qaz boru xəttidir. Boru xətti 2009-cu il dekabr ayında Çin dövlət başçısı Hu Jintaonun Türkmənistana səfəri zaman fəaliyyətə başlayıb. Layihə ümumilikdə üç xətdən ibarətdir. Bunlardan 3308 kilometrlik iki xətt fəaliyyətdədir. 1804 kilometrlik üçüncü xəttin inşasının 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Layihə 2015-ci ildə başa çatdırılan zaman illik 55 milyard kubmetr qazı Çinə daşıyacaq.
2000-ci illərdə böyük inkişafa start verən Çin bu inkişafı davamlı etmək üçün enerji ehtiyatlarına etibarlı və problemsiz bir şəkildə çatmağı özü üçün prioritet olaraq görür. Bu baxımdan Çinin həyata keçirdiyi ən əhəmiyyətli layihə Orta Asiya-Çın boru xəttləri layihəsidir. Orta Asiya ölkələri üçün bir alternativ bazar olmağı hədəfləyən Pekin bölgədəki enerji şahmatında xüsusi çəkisi olan bir oyunçu kimi ortaya çıxmaqdadır. Hazırda Orta Asiya bölgəsinin zəngin enerji ehtiyatlarına nəzarət üçün Rusiya, Çin və ABŞ liderliyində öndərliyində Qərb dünyası arasında bir "soyuq müharibə" gedir. Bu "müharibə"nin enerji ehtiyatlarının mövcud olduğu müddətdə artaraq davam edəcəyi də şübhəsizdir.
Ömər Əmirov
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17