Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilir.
"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Tədbirin açılış mərasimində baş prokuror Kamran Əliyev və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques çıxış edib.
Qeyd edək ki, təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 470-ə yaxın şəxs iştirak edir.
Tədbir zamanı müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq. Həmçinin, müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub.
Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular üzrə çıxışlar olacaq.
Tədbir çərçivəsində BPA-nın strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulub.
*** 18:59
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilir.
"Unikal" xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev oxuyub.
Prezidentin müraciətində deyilir:
"Hörmətli tədbir iştirakçıları,
Sizi Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında səmimi-qəlbdən salamlayıram.
Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçilərini, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxsləri bir araya gətirən belə bir mötəbər tədbirə ev sahibliyi etmək bizim üçün əlamətdar hadisə, eyni zamanda, ölkəmizə olan ehtiramın təzahürüdür.
Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.
Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır.
Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.
Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir.
Hörmətli qonaqlar,
Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.
Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.
Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.
Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır.
Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, konfransın işinə isə uğurlar diləyirəm".