"Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib.
"İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.
Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir", - deyə dövlət başçısı qeyd edib.