Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs Rima Ağalarovanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq şahid qismində Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Şirqo oğlu Həsənov ifadə verərək qeyd edib ki, partlayan bina Sabunçu qəsəbəsində yerləşir. Bələdiyyənin balansında olmayan binadır. İcra nümayəndəsinə aidiyyatı var. Ancaq partlayış olandan bir gün sonra orada olmuşam, bilmişəm ki, Rima xanımın evində qaz sızmasından partlayış olub. Ərazi olaraq bələdiyyə sədri kimi mütləq orada olmalıyam. Çünki partlayış yerinə rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də gəldi, ölüm olduğu üçün. Qeydiyyatla bağlı müraciət olub, ancaq sənədləşdirmə aparmadım. Bilirəm ki, 2 nəfər ölüb".
Rima Ağalarova: "Əgər bələdiyyəyə aidiyyatı yoxdursa bələdiyyə alqı-satqı eləyəndə niyə gəlmişdi. Bizim vəzifə borcunuzu olub gəlib baxış keçirmişik".
Əlfəddin Həsənov: "Əlinizdə nə sənəd var bələdiyyə ilə bağlı?"
Rima Ağalarova: "Bizim aldığımız şəxsin bələdiyyə sənədi var idi, onu itirdilər Fövqəladə Hallar Nazirliyinin İfadəsində".
Bələdiyyə sədrinin ibtidai istintaqda verdiyi ifadəsi elan olundu: "Bildirmək istəyirəm ki, məcburi köçkünlər yaşayan həmin binada bəzi evlər başqa şəxslərə satılıb. Həmin şəxslər vergi qeydiyyatına düşmək üçün bələdiyyəyə müraciət ediblər, bizdə vergi qeydiyyata almışıq".
İlkin ifadəsinə cavab olaraq bələdiyyə sədri aydınlıq gətirib: "Vətəndaş könüllü olaraq vergi qeydiyyatına dura bilər. Burada verdiyim ifadə düzdür".
Rima Ağalarova da vergi qeydiyyatı ilə bağlı bələdiyyə sədrinə müraciət etdiyini qeyd etdi.
Bələdiyyə sədri isə Rima xanıma verdi qeydiyyatı ilə bağlı imtina etdiyini söylədi: "Mənim yanıma hadisədən sonra müraciət edib, biz hadisə yerinə baxış keçirdik, orada 2-3 evə ciddi zərər dəymişdi. Orda rayon icra hakimiyyəti komissiya yaratdı. Rima xanıma evi satan Nərminə Nəcəfovanın bizdə hər hansı qeydiyyatı olmayıb".
Digər şahid Ağababa Qasımov Sabunçu rayonu, Bakıxanov qaz idarəsinin istismar üzrə mexaniki olduğunu bildirdi: "Hadisə barədə ilk dəfə bir gün sonra xəbərim olub. Məhəlləyə gedən qazı bağlamışam, Fövqəladə Hallar Nazirliyi gələcəkdi deyə. Həmin binalara baxış keçirilib, əhaliyə verilən sayğaca qədər. Hadisə sayğacın mənzilə daxil olan ərazisində baş verib. Rima xanımı da ilk dəfədir görürəm".
Digər şahid təqsirləndirilən şəxsin qızı Ayan Cəfərzadə ifadə verib: "Həmin mənzili anam mənim üçün almışdı. Qərar gəldik ki, həmin mənzili 3 aylıq kirayəyə verək. Sosial şəbəkələrdən Elnur adlı şəxs gəlib evə baxdı, xoşuna gəldi, 2 otaqlı mənzili 150 manata danışmışdıq. Dedi yoldaşım rayondadır. Sonra biz açarı Gülnarə xanıma vermişdik, o da açarı qoymuşdu evin çölündə sayğacın üzərinə. Gecə Elnur icazəsiz gəlib həmin açarı götürüb gecə evdə qalıb, mənə zəng etdi, ancaq mən gedə bilmədim. Hadisə də həmin vaxt baş verib. Biz evi alandan sonra evdə qazla bağlı hər hansı əlavə etməmişdik. Nərminə xanım isə gəlib sayğacın üzərindən açarı götürüb peçi evdən çıxarmışdı. Biz evi alandan sonra qaz idarəsindən bir nəfər baxış keçirmişdi, ancaq rəsmi müraciət etməmişdik. Evdə xırda təmir işləri gedirdi. Biz evi fevral ayında alqı-satqı eləmişdik, ancaq tam təhvil almamışdıq. Hadisə barədə mənə Gülnarə xanım məlumat verdi".
Məhkəmə prosesi oktyabr ayının 22-nə kimi təxirə salındı.
Xatırladaq ki, hadisə ötən il may ayının 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva dünyasını dəyişib, 19 nəfər isə xəsarət alıb.
Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Xanım müttəhim haqda ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Seymur Əli