“Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı” təsdiq edilib (əlavə olunur).
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla “İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 937 nömrəli Fərmanı ləğv edilib.
Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin SİYAHISI
1. Təminedici struktur bölmələr – dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar.
2. Yardımçı struktur bölmələr – dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər).