AMEA-nın yeni prezidentinə sərt ittihamlar
AMEA-nın yeni prezidentinə sərt ittihamlar

Milli Elmlər Akademiyasında növbəti qalmaqal yarandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadədən ilk narazılıqlar ortaya çıxmaya başlayıb. AMEA-nın yeni rəhbərini tənqid edən isə Akademiyanın Polimer Materialları İnstitunun böyük elmi işçisi, kimya elmləri doktoru Səhrab İsmayılov olub.

O çalışdığı institutda yaşananlarla bağlı sərt tənqidlər səsləndirib. İnstitut rəhbərliyi ilə uzun müddətdən bəridir arasındakı narazılıqlarla bağlı AMEA-nın yeni prezidentinə müraciət etdiyini deyən alim Akif Əlizadənin onun şikayətlərinə etinasızlığından sərt bir dillə gileylənib. Səhrab İsmayılov xatırladıb ki, Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov qəflətən, müəmmalı şəkildə vəfat edəndən sonra onun yerinə akademik Akif Əlizadə yekdilliklə seçilib: “İlk baxışda belə düşünmək olardı ki, bu şəxs AMEA-da bir sıra islahatlar keçirəcək. Amma görün nə baş verdi. Ona düz üç dəfə məktub yazdım ki, məni - elmlər doktorunu 5 dəqiqəliyə qəbul eləsin, məni də dinləsin. Ona yazdığım məktubu olduğu kimi sizə təqdim edirəm: “Cənab prezident! Sizi AMEA prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Mən bu təbriki bir sıra mətbuat səhifələrində şərh kimi dərc etdirmişəm. Hörmətli Akif müəllim! Mən sizə düz üç ay əvvəl - 2013-cü il, martın 18-də məktubla ([email protected]) e-mail adresinə müraciət etmişdim. Amma təəssüf ki, nəinki bir cavab almadım, hətta köməkçiniz Toğrul bəy mənə sizinlə bir dəqiqəlik görüşə də qəti surətdə imkan vermədi. Axır sözü bu oldu ki, bu məsələyə aprelin 24-dən sonra baxılacaq. Sizdən yeganə xahişim budur: imkan yaradın AMEA Rəyas ət He yət inin iclaslarının birində elmi potensialım barədə fikirlərimi əyani olaraq slaydlarla qarşınızda şərh edim. Bununla da İdarə Heyətinin və sizin bu mövzuda rəyinizi bilmək daha düzgün və real olardı. Hörmətlə: 21 ilin kimya elmləri doktoru İsmayılov Səhrab Əhməd oğlu”.
Amma bu müraciətimə heç bir cavab almadım. Akif Əlizadənin köməkçisi Toğrul bəylə bir neçə dəfə telefonla danışdım, yenə heç bir nəticəsi olmadı. Xəstə halda Sumqayıtdan durub Bakıya, onun qəbuluna getdim, nə etdimsə, mümkün olmadı, məni qəbul etmədi. Axı məni iflic edən əslində belə şeylər idi. Bilmirdim xəstəliyimlə çarpışım, yoxsa bunlarla. Evə gəlib yenə fikirləşdim və qərara gəldim ki, ona yenə məktubla müraciət edim. Yenə məktub yazdım. Onu da təqdim edirəm: “Cənab prezident! Mən martın 14-dən bəri artıq üçüncü məktubdur ki, sizə ünvanlayıram, amma indiyədək heç bir cavab yoxdur. Artıq üç aya yaxındır ki, elmlər doktorunu işdən qanunsuz olaraq azad ediblər və o, heç bir maddi təzminat və təqaüd almadan hələ də yaşamaq qabiliyyətini itirməyib. Üstəlik iflic xəstəliyi də bir yandan. Belə gedərsə, sizdən xahiş edirəm deyin, neçə aylardan sonra mən sizin qəbulunuza düşə bilərəm? Səbirsizliklə cavab gözləyirəm. Hörmətlə: kimya elmləri doktoru İsmayılov Səhrab Əhməd oğlu”.
Məni əsas narahat edən şey odur ki, mənə heç bir cavab vermirlər. Heç vaxt bu dərəcədə süründürməçilik, bürokratiya görməmişdim. Bunların artıq məqsədləri çox güman ki, budur: bu yolla məni öldürsünlər, məhv etsinlər. Amma mən buradan Akif müəllimə yenə də müraciət edirəm: Akif müəllim, mənim işlərimin perspektivliliyi dünyanın əksər alimlərinə məlumdur, təkcə sizə və ətrafdakılarınıza yox. Son dəfə sizə səslənirəm: İcazə verin AMEA Rəyasət Heyətinin iclaslarının birində gördüyüm işlərin əhəmiyyəti barədə çıxış edim. Sizdən nə pul, nə iş, nə də vəzifə istəmirəm” (virtualaz.org).
Qeyd edək ki, AMEA-da son bir neçə ildə müxtəlif narazılıqlar müşahidə olunur. Səhlab İsmayılovun Elmlər Akademiyasında heç vaxt indiki kimi süründürməçilik və bürokratiya görmədiyi haqqında dediklərindən belə məlum olur ki, Akif Əlizadənin AMEA-ya rəhbərliyi dövründə bu narazılıq və incikliklər daha da güclənəcək.
Ülviyyə Qasımlı