Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun Sumqayıt şəhəri, 42-ci məhəllədə qoyulmuş abidəsi önündə anım günü tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra qəhrəmanımızın abidəsi ziyarət olundu və gül dəstələri qoyuldu.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.
Qeyd olundu ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur.
Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Sonra, Qubadlı rayon Icra Hakimiyyəti başçısı aparatıında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov çıxış edərək vurğuladı ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Daha sonra çıxış edənlər Qəzyan kənd sakinləri Yusif Quliyev Milli Qəhrəman Əliyar Əliyev və Əlisadət Ağayevlə bağlı öz xatirələrini bölüşdü.
Tədbirin sonunda çıxış edən Milli Qəhrəman Əliyar Əliyevin sürücüsü, Qəzyan kənd sakini şəhid Əlisadət Ağayevin qardaşı Əlizadə Nəhmət oğlu Ağayev ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbəri Malik İsaqova minnərdarlığını bildirərək qeyd etdi ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, həmişə diqqət mərkəzində saxlanılır, dövlətimiz bu gün Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların həllinə köməklik edir.
Eyni zamanda Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbində Milli Qəhrəmanımızın anım gününə həsr olunmuş tədbir keçirildi. Həmçinin Qubadlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonda Milli Qəhrəman Əliyar Əliyevin və onun sürücüsü Əlisadət Ağayevin qəbirüstü abidələri ziyarət olundu.
Əliyev Əliyar Yusif oğlu 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1964-cü ildə Qəzyan kənd tam orta məktəbin daxil olub. 1974-cü ildə həmin məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd tam orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. Əliyar Əliyev bu təklifi qəbul edir və həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar O, Qəzyan kəndinə qayıdır, Qəsəbə tam orta məktəbində müəllim, “Məhsul” Kənd Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri çeçilib. Əliyar Əliyev respublikanın adlı-sanlı idmançılarından sayılırdı. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. 1988-ci ilin fevral ayından Ermənistandan azərbaycanlıların deportasiyası başlanan zaman ilk qaçqın dalğası Qubadlıdan keçdi. Elə bu səbəbdən də Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlı rayonunun strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribat törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və Idman Cəmiyyətinin üzvlərindən ibarət idi. Əliyar Əliyev əvvəlcə Taborun kəşfiyyat bölməsinin komandiri, sonra Tabor komandirinin təchizat üzrə müavini təyin edilir. 1992-ci ildə Əliyar Əliyev Taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib. 1991-ci ilin may ayında Qubadlı rayonunun Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayında isə rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdur. 1992-ci ilin sentiyabrında Laçın rayonu istiqamətində gedən döyüşə rəhbərlik edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının rayonunun 40-a qədər kəndini 4 gün ərzində erməni işğalçılarından azad etdi. Onun son döyüşü Laçın rayonunun 2 km-də olub. 1992-ci il 3 oktyabr tarixində “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə Tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar.
Əliyar Əliyev və Əlisadət Ağayev anadan olduqları Qubadlı rayonunun Qəzyan kəndində torpağa tapşırılıblar.
Ailəli idi, üç övladı var.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Əliyev Əliyar Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmçinin ölümündən sonra “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. Qubadlı rayonunda Əliyar Əliyevin və Əlisadət Ağayevin qəbirüstü abidələri bərpa olunub. Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi də Milli Qəhrəmanımızın adını daşıyır.
Bakı şəhər Nərimanov rayonundakı küçələrdən birinə Əliyar Əliyevin adı verilmişdir. Həmin küçədə Milli Qəhrəmanın büstü qoyulmuşdur. Sumqayıt şəhərində və Binəqədi rayonunda “Əliyar” adlı bulaqlar tikilib istifadəyə verilmişdir. Həmçinin Sumqayıt şəhərində idman klubu, yaratdığı tabor və Sumqayıt şəhərində küçələrdən birinə qəhrəmanımızın adı verilmişdir.