“Aqrolizinq”in qiymət şişirtməsinin ilginc sirri
21:47 29-06-2013
İQTİSADİYYAT
“Aqrolizinq”in qiymət şişirtməsinin ilginc sirri
Əli Bayramovun rəhbərlik etdiyi qurumda qaranlıq əməliyyatlar...
Bu ilin fevralında keçirilən məşhur müşavirədə ölkə başçısının əsas tənqid hədəflərindən biri də Azərbaycana xaricdən alınıb gətirilən kənd təsərrüfatı texnikalarının qiymətlərinin şişirdilməsi ilə bağlı oldu. Prezident bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir.
Ölkə başçısının bu tənqidlərinin Əli Bayramovun rəhbərlik etdiyi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətğinə yönəldiyi birmənalıdır. Çünki bu qurum külli miqdarda dövlət vəsaiti hesabına xaricdən Azərbaycana kənd təsərrüfatı texnikalarının və digər vasitələrin gətirilməsi ilə məşğuldur. Mətbuat da “Aqrolizinq”in həddən artıq korrupsiyalaşdığı qənaətindədir. Bildirilir ki, Əli Bayramov dövlət vəsaitlərini qeyri-təyinati üzrə və qeyri-şəffaf xərcləməklə məşğuldur. Məhz bunun nəticəsidir ki, indiyədək “Aqrolizinq”ə yüz milyonlarla manat ayrılmasına rəğmən ölkədə hələ də taxıl biçini zamanı kombayn çatışmazlığı yaranır və nəticədə yüzlərlə hektar məhsul zay olur.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən adının çəkilməsini istəməyən kənd təsərrüfatı eksperti ölkə başçısının xaricdən alınan aqrar texnikaların qiymətinin şişirdildiyi barədə tənqidlərini təsadüfi saymır: “Bu məsələdə “Aqrolizinq” müxtəlif maxinasiyalara əl atır. Hələ bir müddət əvvəl bəzi mənbələrdən əldə olunan məlumatlara görə, “Aqrolizinq” ASC keyfiyyətli texnika əvəzinə, ucuz Çin və Koreya maşınları alaraq onları, məsələn, keyfiyyətli yapon texnikasının qiymətinə rəsmiləşdirir. Təsadüfi deyil ki, “Aqrolizinq”in bir neçə il öncə keçirdiyi tenderlərdən birində məhz Çin firması qalib gəlmişdi. Həmin dövrdə adıçəkilən qurumdan Çin kombayınlarının fermerlərə hansı qiymətə lizinqə veriləcəyinə dair açıqlamalar da verilib və qeyd olunub ki, Çin kombayanlarının lizinq qiyməti 36.740 dollar təşkil edəcək. Qeyd etmək yerinə düşər ki, Çin şirkətləri - HOWO, Foton, Cohn Deere, Sinoharv, Dong Feng, Tie Ma, Chang Lin, Lin Gong -un istehsal etdiyi 4LZ-2A, 1048, 3518CTS, AF6150, D180 seriyalı, Koreya istehsalı olan Gleaner R42/62/72 seriyalı kombaynların Azərbaycana gətirildiyini iddia edənlər var. Bu iddialarla bağlı hələ xeyli əvvəl bəzi dəqiqləşdirmələr aparılmış və məlum olmuşdur ki, həqiqətən də “Aqrolizinq”in rayonlardakı “Aqroservis” filiallarında Çin istehsalı olan kombayn və traktorlar var”.
Mənbəmiz onu da deyib ki, məlum faktlar yenə bir neçə il əvvəl “Aqrolizinq” ASC-nin məsul şəxsləri tərəfindən rəsmən etiraf edilib. Təsdiqlənib ki , ölkəyə kənd təsərrüfatı üçün Çin texnikasının gətirilib. Bu texnikalar 2005-ci ilin sonu, 2006-çı ilin əvvəlindən gətirilməyə başlayıb. Sonrakı dövrlərdə alınan texnikaların mənşəyi ilə bağlı da çoxsaylı şübhələr var.
Daha dəhşətli burasıdır ki, hələ də əksər rayonlarda fermerlər əkin-biçin zamanı ayrı-ayrı şəxslərdə olan köhnə sovet texnikasından istifadə etməyə daha çox üstünlük verirlər. Belə iddia olunur ki, lizinqin şərtləri ağır olduğundan, fermərlər bunun altına girməyə həvəs göstərmirlər. Onlara öz hesablarına kənd təsərrüfatı texnikası alıb gətirmələrinə isə “Aqrolizinq” rəhbərliyi icazə vermir. Məqsəd də özlərinin xaricdən gətirdikləri texnikanı şişirdilmiş qiymətlərlə fermerlərə satmaqdır.
Üstəlik, “Aqroservis” ASC-nin ölkəyə gətirdiyi maşınların keyfiyyətinin qənaətbəxş olmadığını idda edənlər az deyil. Həmçinin vaxtilə Hesablama Palatasının da bu məsələ ilə bağlı xüsusi açıqlaması olub. O zaman qeyd olunmuşdu ki, ölkəyə gətirilmiş texnikanın 40 faizi ya keyfiyyətsizlik, ya da tələbata cavab verməməsi üzündən anbarlarda qalıb.
Sahibkarların yerlərdəki “Aqroservis”lərdə süni problemlərlə üzləşdiklərinə dair məlumatlar da kifayət qədərdir. Bəzi fermerlər bildirirlər ki, hər adam lizinqə texnika götürə bilmir, bunun üçün gərək “yuxarıların” tapşırığı olsun. Eyni zamanda taxıl biçini dövründə “Aqrolizinq” servislərinin kombaynlarının vəzifəli, arxasında güclü himayədarları olan şəxslərin məhsulunu biçilməsi üçün səfərbər edildiyi, adi vətəndaşların, arxasız fermerlərin isə çətin vəziyyətdə qaldığı, ciddi məhsul itkisi ilə üzləşdiyi də hamıya məlum olan həqiqətdir.
Bir sözlə, ümumi vəziyyət onu deməyə əsas verir ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyət ölkəyə həm keyfiyyətsiz texnika gətirməkdə mahirləşib, həm də gətirilən texnikanın qiyməti həddən artıq şişirdilir. Üstəlik, bu texnikalar ayrı-ayrı vəzifəli şəxslərin, iri fermer təsərrüfatları olan məmurların xidmətinə verilir. Arxasız əermerlər və sadə vətəndaşlar isə əkin-biçin dövründə mühüm çətinliklərlə üzləşirlər. Hesab etmək olar ki, illərdir milyardlarla manatın ayrılmasına rəğmən ölkənin kənd təsərrüfatında ciddi irəliləyişin əldə edilməməsinin, əksinə aqrar sektora get-gedə əhali arasında maraq və həvəsin azalmasında əsas səbəblərdən biri də elə “Aqrolizinq”in bu qaranlıq fəaliyyətləridir.
Əvəzində isə KİV davamlı olaraq səhmdar cəmiyyət rəhbərinin sərvətlərinin artmasından, mülklərinin çoxalmasından bəhs edir. Yəqin ki, onun buna hansı pullar hesabına nail olduğunu söyləmək artıqdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53