Ötən gün iki məktəblinin öz sinif yoldaşını bıçaqlaması hadisəsi baş verib. Ümumiyyətlə, son illər yeniyetmələr arasında baş verən belə hadisələrin sayının artması müşahidə olunur. Bəs görəsən, məktəblilərin bıçağa əl atmasının səbəbi nədir?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov "Unikal"a açıqlamasında təəssüflə qeyd edib ki, son günlər belə hadisələrin sayı sürətlə artır.
Onun sözlərinə görə, bu məsələnin əsas səbəbi məktəblərdə və ailələrdə tərbiyə işinin yaxşı qurulmamasıdır: "Bu gün tərbiyə ilə bağlı həm ailələrdə, həm də məktəblərdə boşluqlar var. Bu boşluqlar mütləq aradan qaldırılmalıdır. Yəni, valideynlərin bir qisminin özünün tərbiyəsi yerində deyil. Onların tərbiyəsi yerində deyilsə, övladına da normal tərbiyə verə bilməz. O cümlədən, məktəblərin bir qismində təhsilə önəm verilir, tərbiyəyə isə önəm verilmir. Bu da ciddi məsələdir. Ona görə də sistemli tərbiyə işi qurulmalıdır. Həm məktəblərimiz, həm də valideynlərimiz övladlarının təhsili qədər tərbiyəsinə də önəm verməlidirlər. Tərbiyə təhsil qədər önəmlidir. Reallıq ondan ibarətdir ki, təhsilə çox önəm veririk, amma tərbiyəyə diqqət bir o qədər deyil. Bu da özünü açıq-aydın göstərir və bunun ümumi sistemə çox mənfi təsiri var. Eyni zamanda, ciddi problem yaradan məsələyə çevrilir. Burada da valideynlər övladlarının təhsilinə, tərbiyəsinə, onların formalaşmasına çox böyük diqqətlə və həssaslıqla yanaşmalıdırlar. Belə olduğu təqdirdə nəyəsə nail ola bilərik".
Deputat qeyd edib ki, Azərbaycanda valideynlərin övladlarının təhsilinə önəm vermələri çox təqdirəlayiq və sevindiricidir:
"Amma tərbiyə məsələsinə o qədər həssas yanaşılmaması bu problemi yaradır. Hesab edirəm ki, bu məsələnin üzərinə ciddi düşməsək, ciddi məşğul olmasaq, gələcəkdə bizi daha çətin və ağır günlər gözləyəcək. Ona görə də bu məsələ üzərində ciddi düşünülməlidir. Tərbiyə işinə xüsusi önəm verməli, diqqət və həssaslıq göstərməliyik. Bunu həyata keçirməsək, gələcəkdə işimiz çətin olacaq".
Anar Kəlbiyev