Belarusdan Azərbaycana ekstradisiya edilən, "Simpatiya" MTK-nın rəsmi şəxsi olan Ağasəmid Məhərrəmovun növbəti məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bir neçə zərərçəkən dindirilib. Zərərçəkən Araz Ağayev ifadəsində Ağasəmiddən iki mənzil aldığını bildirib:
“Mən ondan iki mənzil aldım. Bir mənzili özüm satdım, digır mənzili təmir edirdim. Sonra bildim ki, mənzil başqa şəxsə satılıb. Mənə dəymiş ziyan ödənilib. Şikayətim yoxdur”.
Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsi ilə razılaşıb və mənzili satarkən sahibinin olduğunu bildiyini etiraf edib. Digər zərərçəkən İmanov Qalamirzə ifadəsində bildirdi ki, ev alma işində təcrübəsizdir. Elə belə olduğu üçün bu iş başına gəlib:
“Özümə təcili ev lazım idi. Mənə dedilər ki, Yasamalda olan binada ucuz ev var. Yasamalda Ağasəmidlə görüşdüm, evə baxdım, razılaşdıq. 74 min pul ödəməli idim. İlkin ödəniş olaraq 50 min ödədim. Mənə sənəd təqdim olunmadı. O, mənə sənəd verəcəyini bildirdi. Ona hissə-hissə 8 min, sonra birdəfəlik 16 min ödədim. Çıxarış alıb “ASAN” xidmətə getdim. Orda mənə çıxarışın saxta olduğunu bildirdilər. Bunu Ağasəmidə bildirdim. O, mənimlə “ASAN” xidmətə gedəcəyini desə də, getmədi. Sonra verdiyim pulu ödədi. Şikayətim yoxdur”.
Daha sonra zərərçəkən Mehman Kərimov sərbəst ifadə verib. O, sözügedən binada dostunun evi olduğunu və ona elə dostunun həmin binadan mənzil almağı məsləhət gördüyünü bildirdi:
“Mənə o binadan mənzil almağı dostum məsləhət gördü. Mənzilin 82 min qiyməti var idi. İlkin ödəniş zamanı 43 min ödədim, aylıq isə 3 min ödəniş edəcəkdim. 2 ay sonra evi təmir edirdim. Həyətdə qonşular toplaşmışdı. Aşağı düşəndə mənə mənzillərin başqasına da satıldığını dedilər. Sənədə baxdım, düz idi. Evin öncəki sahibi dəymiş ziyanı aldığı üçün “ASAN” xidmətdə bununla bağlı ərizə yazdı. Ev mənə qaldı. Şikayətim yoxdu”.
Bu gün ifadə verən zərərçəkənlərdən yalnız Sadiq Quliyev şikayətçi olub. O, bildirib ki, onun mənzili ilə bağlı dəymiş zərər tam ödənməyib:
“Mənzilin dəyəri 69 min idi. Mən ilkin ödəniş kimi 35 min ödədim. Qalan pulu daxili kreditlə verəcəkdim. Ümumi 37, 700 manat ödədim. Mənə 17 min manat şirkət ödəyib, 20, 700 manat qalıb. Pulumu tələb edirəm, mülki iddia qaldıracam”,-deyə zərərçəkən bildirib.
Məhkəmənin növbəti prosesi 18 oktyabr tarixinə təyin olunub.
Cinayət işində 27 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Seymur Əli