Prezident İlham Əliyev bu gün Cəbrayıl sakinləri ilə olan görüşündə maraqlı anlar yaşanıb.
"Unikal"ın məlumatına görə, sakin Firidun Əliyev Prezidentə təşəkkür edib və deyib:
"Cənab Prezident, mən də öz növbəmdə istərdim Sizə təşəkkürlərimi bildirim. Çünki bizim Cəbrayıla qayıdışımızın birbaşa səbəbkarı Sizsiniz. İşğaldan azad olunmuş ərazilərdə yaradılmış infrastrukturu gördükcə adamın ürəyi açılır. Bir də Siz dediyiniz kimi, bu xarabalıqları görmək çox kədərlidir. Ancaq bu xarabalıqlara da isti ocaqları gətirənlər məhz Sizsiniz. Ona görə də Sizə xüsusi təşəkkür edirik.
Siz çıxışlarınızın birində demişdiniz ki, dünyanın görmək istəmədiyi ədaləti biz bərpa etdik. Bəli, bu ədaləti bərpa etdiyiniz üçün Sizə xüsusi təşəkkür edirəm.
Bir də məşhur bir frazanız var idi, xalq arasında geniş yayılmışdı, o frazanın da cavabı artıq var ki, Cəbrayıla yolu məhz belə çəkirlər. Sağ olun, təşəkkür edirəm, minnətdaram Sizə. Var olun!".
Prezident İlham Əliyev isə ona belə cavab verib:
"Sağ olun. Tamamilə haqlısınız, yolu belə çəkərlər. Amma Cəbrayıla o yolun çəkilişi də, əslində, bu işğalı əbədi etmək üçün göstərilən səylərin bir hissəsi idi. Ona görə Ermənistandan Cəbrayıla yeni yol çəkmək istəyirdilər ki, sonra burada məskunlaşma getsin, Ermənistana gediş-gəliş daha da asanlaşsın. Lakin bütün bu planları biz alt-üst etdik, Azərbaycan xalqı alt-üst etdi, bütün dünyaya öz iradəsini göstərdi və bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir. Ancaq, eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq".