Müxalifətin ABŞ müəmması
Müxalifətin ABŞ müəmması

ABŞ-a səfərlə bağlı uydurmalar "Milli Şura"nın qeyri-ciddi qurum olduğunu bir daha təsdiqlədi

"Milli Şura"nın bu günə təyin edilən sessiyası da baş tutmamışdır. Səbəbini qondarma qurumun yetkililəri müxtəlif bəhanələrlə yozmağa çalışsalar da, bəllidir ki, ABŞ-a səfər "oyunu"nun üstünün açılması və R.İbrahimbəyovun yenə də Bakıya gələ bilməməsi planları alt-üst edib. Qurumun daxilində olan ziddiyyətlərin böyüməsi Rusiyada olan R.İbrahimbəyovu yaman narahat edib. Bu səbəbdən də "Milli Şura"nın İcra Aparatının sədri, reneqat Eldar Namazovu təcili yanına çağırıb. Dünən E.Namazov Moskvaya yola düşüb.

İlk olaraq ABŞ-a səfərlə bağlı yayılan məlumatlara nəzər salaq. Bir neçə gün öncə adıçəkilən qurumun bəzi üzvləri haray çəkərək ABŞ-a səfər edəcəkləri ilə bağlı məlumatlar yayırdılar. Səfərin iyulun 10-da baş tutacağı əvvəlcədən planlaşdırılmışdı. Onların Amerika səfəri zamanı Konqresdə görüşlər keçiriləcəyi bildirilirdi. Ancaq "Milli Şura" üzvü, reneqat Rəsul Quliyevin bu xəbəri təkzib etməsi vəziyyəti tamam dəyişdi. Hələ üstəlik R.Quliyev ABŞ səfərindən xəbərsiz olduğunu bildirərək bunu şayiə adlandırdı. Bu fikir isə "Şura"dakı ziddiyyətləri daha da kəskinləşdirdi.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə "Milli Şura"nın ABŞ-a nəzərdə tutulan səfəri barədə məlumatsız olduğunu, səfərdə iştirak edəcək şəxslərin kimliyi və səfər planı barədə xəbərinin olmadığını deyib. "Milli Şura"nın üzvü Zəfər Quliyev isə ACP sədri Sülhəddin Əkbərə və R.Quliyevə iradlarını bildirib. O, bu iki şəxsin "Mili Şura" ilə bağlı belə bir münasibət sərgiləməsini düzgün addım hesab etməyib. Onun sözlərinə görə, razılaşmanı şayiə adlandırmaq doğru deyil: "Belə bir niyyətimiz, planımız var idi. Necə olur ki, onların xəbəri olmasın. Rəsul Quliyevin bu iradları düzgün deyil. Ola bilsin ki, onlar şayiə kimi qiymətləndirirlər, amma bizim bu barədə danışıqlarımız aparılırdı".
Qeyd edək ki, tək Rəsul Quliyev və Gültəkin Hacıbəyli deyil, Sülhəddin Əkbər və İsa Qəmbər də belə bir səfər barədə məlumatsız olduqlarını deyiblər. Görünür, "Milli Şura"nın "quş uçuranı" Zəfər Quliyevin "utkası" müxalifət düşərgəsində əməlli-başlı çaşqınlıq yaradıb. Bu adam özünü məlumatlı, strateji qərarların qəbul olunmasında iştirak edən kimi göstərmək üçün gündə bir "utka" uçurur. İndi də deyib ki, radikal müxalifətin başbilənləri ABŞ-a mühüm səfərə gedəcəklər. Amma səfərə gedəcək şəxslərin bu barədə məlumatı yoxdur. "Milli Şura" reneqat Eldar Namazovun birinci sessiyada "quyuya atdığı daş"ı çıxarmamış, onun yaxın silahdaşı Zəfər Quliyev yenidən "quş buraxır". İndi bunlar fikirləşirlər ki, quyudakı həmin daşı çıxarıb bu quşu vursunlar. Əks təqdirdə işləri fəna olacaq.
ABŞ görüşlərinin fiaskoya uğraması ilə reneqat Eldar Namazovun Moskvaya səfəri üst-üstə düşüb. Belə olan halda "Milli Şura" üzvlərinin mütəmadi olaraq xarici səfərlərə getməsi çox mətləblərdən xəbər verir. Təbii ki, bu, ilk növbədə onların xarici qüvvələr tərəfindən maliyyələşməsi və tapşırıqlar alması barədə deyilənləri təsdiqləyir.
Aydındır ki, "Milli Şura"da təmsil olunan bəzi şəxslərin və onların ətraflarında olanların məqsədi antiazərbaycançı şəbəkənin maliyyə dəstəyi ilə ölkədə xaos, anarxiya yaratmaq, hər hansısa bir beynəlxalq tədbirin, mərasimin keçirildiyi zaman ictimai-siyasi sabitliyi pozmaq olub. Artıq həm Azərbaycan ictimaiyyətindən, həm də antiazərbaycançı şəbəkədən "dəstək" ala bilməyən həmin şəxslər indi "Milli Şura"da toplaşıblar. Yəni məcburiyyət qarşısında qalan "liderlər" siyasi səhnədən silinməmək üçün belə bir yol tutublar. Əgər bu şəxslər seçki öncəsi hər hansısa antimilli qüvvədən cüzi olsa da "dəstək" alsalar, "Milli Şura", "vahid namizəd" oyunları ilə bağlı planlar alt-üst olacaq. Həm İsa Qəmbər, həm də Əli Kərimli sadəcə, fürsət gözləyir. Onların "Milli Şura"da təmsil olunmaları sadəcə, görüntü xarakteri daşıyır. Azərbaycan xalqı 20 ildir "müxalifətçilik"lə məşğul olan bu iki "mehriban düşməni" çox yaxşı tanıyır. Ona görə də ictimaiyyət arasında aparılan sorğularda da elə eyni fikirlər üstünlük təşkil edir. İnsanlar Müsavat başqanı ilə AXCP sədrini heç zaman bir-birinə güzəştə gedə bilməyən siyasətçi hesab edirlər.
Artıq ölkə ictimaiyyəti görür ki, adıçəkilən qurum qarşıdan gələn prezident seçkilərinə öz namizədini təqdim etmək, proqramını irəli sürmək əvəzinə əhəmiyyətsiz işlərlə məşğul olur. Bir sözlə, qarşılıqlı ittihamlar, daxildə yaranmış narazılıq demək olar ki, "Milli Şura"da çox ciddi problemlərin olduğunu ortaya çıxarıb.
Fuad