Külli miqdarda oğurluqda təqsirləndirilən Üzeyir Kərimovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
İfadə verən şahidlərdən biri bildirib ki, təqsirləndirilən şəxsi tanımır. O, şahid qismində dəvət edilməsinin səbəbini də bilmir.
Digər şahid Təhmasib Məmmədov təqsirləndirilən şəxsi Emin adı ilə tanıdığını bildirib. Daha sonra onun adının Üzeyir olduğunu öyrənib:
"Təqsirləndirilən şəxslə tanış olduqda mənə adının Emin olduğunu bildirmişdi. Biz onunla mənim mağazam üçün alqı-satqı etmişik. Onunla ilk dəfə müştəri kimi gələndə tanış olmuşam. Mənə müxtəlif alkoqollu içkilər satıb. Satdığı içkilərdən bir neçəsi əvvəllər mağazamda satılmayıb. Digərlərindən ən bahalısı 350 manat dəyərində olub. Amma mənə dəyərindən aşağı satıb. Ona təqribi 800 manat ödəmişdim. Belə ucuz satmağının səbəbini və malları haradan tapdığını soruşdum. Demişdi ki, içkilər işlədiyi ailədən alıb. Ona hədiyyə edildiyi üçün ucuz satır. Buna səbəb kimi içki içməyi tərgitməsini göstərib. Oğurluq olduğunu düşünməmişdim. Ona görə də pul verib onları aldım.
Təqsirləndirilən şəxsin vəkili, həmin içkilərin qiymətinin Elçin Orucovun iddia etdiyi qədər bahalı olub-olmadığını soruşub.
Şahid bildirib ki, iddia olunan qədər bahalı deyil:
"Zərəçəkmiş şəxs nə qədər bahalı olduğunu deyib bilmirəm, amma qiyməti yüksək olan içkilər deyildi. Dediyim kimi, ən bahalısı 300-350 manat olardı. 10 ildir ki, bu işdəyəm, malların təqribi qiymətini bilirəm. Üzeyir Kərimovdan aldığım malların çoxdan qaldığı bəlli idi. Hətta onların içində xarabları da vardı. Birdə verdiyi içkilərin ikisinin üzərində rus aksisi vardı. Buna görə də hədiyyə olduğuna inanmışdım".
Zərərçəkənlər prosesdə iştirak etməyib. Onların məhkəmədə ifadə verməsi ilə bağlı olaraq proses təxirə salınıb. Xatırladaq ki, ötən proseslərin birində hakim Anar Sadıqov zərərçəkənlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxardıb.
Növbəti iclas 16 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Üzeyir Kərimov əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq, qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq etməkdə təqsirləndirilib. Təqsirləndirilən şəxs, ifadəsində bunu təkzib edərək, oğurladığı iddia edilən əşyaların pulunu verdiyini bildirib. Onunla bağlı Cinayət məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə cinayət işi açılıb.
Seymur Əli