Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Zahid Mövsumov bildirib ki, talassemiya xəstəsi övladını həkim müayinəsinə apararkən Aynur Bayramova ilə tanış olub:
"Talassemiya xəstəsi övladımı hər ayda iki dəfə müayinə üçün xəstəxanaya aparırdım. Səhv etmirəmsə ünvan Fətəli xan Xoyski küçəsində yerləşən 5 nömrəli xəstəxana binasına Türkiydən Akif hoca adlı həkim gəlmişdi. Onun müayinə növbəsinə yazılmaq üçün Aynur Bayramovadan icazə almalı olirduq. Adı çəkilən xanımla görüşmək üçün həmin xəstəxanada yerləşən ona ayrılmış otağa getdim. Mənə bildirdi ki, bütün ailə üzvləri donor tapılması üçün qan verməlidir. Məndən bunun üçün 300 dollar tələb etdi. Mən isə irad bildirərək məzənnənin manatla olduğunu bildirdim. Ümumilikdə qan nünmunəsi götürülməsi üçün 510 manat pul ödədim. Lakin, mənə çek verilmədi. Ardınca laboratoriyaya getdik və bizdən nümunələr götürüldü. Bir neçə gündən sonra Aynur Bayramova dedi ki, ailə üzvlərimdən heç kim övladıma donor ola bilmir, amma donor axtarılır. Bir neçə müddətdən sonra dedi ki, donor tapılıb. Həm əməliyyat, həm də donor üçün 83 min dollar pul lazımdır. Sığortaya zəng etdim və mənə bunu qarşılamadıqlarını bildilər. Bunu Aynur Bayramovaya bildirim. O isə mənə dedi ki, bir şirkət var, pulu qarşılayır. Amma, 20 min dollar pul istəyirlər. Mən 10 min dollar tapa bildim. Dedilər hərbçisən, veteransan qəbul edirik. Əhməd Rəcəblidə yerləşən Amar plazanın 211-ci otağına getdim. Pulu Aynur Bayramovaya təqdim etdim. Əvəzində aydın görsənməyən çek verdi. Bir də müqavilə verdilər.
Soruşdum ki, 83 min dollarlıq ilik əməliyyata niyə 10 min dollar qəbul edirlər. Dedilər ki, rəhbərləri çox xeyirxah adamdır. Kömək tapacaqlar. İnandım məndə. Məndə soruşuram ki, bu qədər xeyirxahdılarsa, niyə pulu dollarla istəyirlər? Azərbaycanda məzənnə manatladır axı. Daha sonra ofislərini Çinar plazaya keçirdilər. Orada görüşə getdim. Dedilər ki, gözün aydın övladın müalicəyə gedirsən. Üç ay qalmaq üçün bizə otel tapdılar. Amma sonradan öyrəndim ki, öz verdiyim 10 min dollardan 5 minini otelə veriblər. Oteldə qalmaq adı ilə pulumu sildilər. Üç ay ərzində hər dəfə deyirdilər narahat olma, əməliyyat olunacaq.
Aldadıldığımı anladıqda pulumu geri istədim. Aynur Bayramova bildirdi ki, Nuridə Seyidovaya ərizə yaz 15 iş günü ərzində pulunu geri qaytaracaq. Amma, hələ də qaytarılmayıb.
Mən Türkiyədə ailəmə baxa bilmək üçün 8.500 manat pul vermişəm
Nuridəyə də 17.510 manat 10 min dollar dəyərində pul vermişəm. Ondan öncə də 3 min dollar pul ödəmişdim. Mülki iddiam bunlardır".
Digər şahid Laura Həsənova da öncəki şahidin başına gələnlərə bənzər hadisə yaşayıb. O, ifadəsində qeyd edib ki, onun 30 min dollarını mənimsəmiyiblər:
"Mən Gürcüstan vətəndaşı olduğum üçün pulu hökümətdən almışam. İndi onlar hesabat tələb edirlər. Başıma gələnləri onlara danışdım. Dedilər ki, pulun qaytarılması üçün Avropa məhkəməsinə müraciət et. Mən isə bunu istəmirəm. Çünki vətənimin adının belə halla çəkilməsi xoşuma gəlməz".
Bu zaman hakim Azad Məcidov reaksiya verib: "Avropa məhkəməsi bu işi bizdən daha yaxşı araşdıracaq?"
Laura Həsənova ifadəsinə davam edib. Onun 12 yaşındakı qızı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramova bildirib ki, uşağının müalicəsi üçün lazım olan vəsaitin miqdarı 83 min- 100 min dollar arası dəyişir:
"Dedilər ki, sənin əlində nə var ver, qalanını özümüz düzəldəcəyik. Sponsorlarımız var. Mən də 30 min dollar tapdım. Sonra pulu verməyə gedəndə Aynur Bayramova kosmetoloqa getdiyi üçün ödənişi Nuridə Seyidovaya verdim. Orada məni uşağımın sağalacığına o qədər inandırdılar ki, digər məqamları sorğulamadım.
Pulumu geri almaq üçün Nərimanovda "UniMed" şirkətinə getmişdim. Məndən 51 min dollar ödənişimin çekini aldılar. Amma güri ödəniş olmadı. İndi isə 300 dollar ödənişi də istəmirəm, sadəcə pulumu qaytarsınlar, Gürcüstana qayıdıb övladımı müalicə etdirim".
Aynur Bayramova deyilənlərə etiraz bildirib. Lakin hakim sadəcə sual vermək hüququ olduğunu xatırladıb. A.Bayramova "mən haqlıyam, ona görə sözümü kəsirsiniz" ifadələrini səsləndirib.
İfadə verən digər şahid Tural Məsmiyev bildirib ki, tallesimiya mərkəzinin rəhbəri kimi Aynur Bayramova ilə əlaqə saxlayıb. O da qan analizi üçün 300 dollar ödəniş edib: "Qurban bayramı ərəfəsində Aynur Bayramova səs göndərərək bildirdi ki, gözünüz aydın, donor tapılıb. Lakin ödəniş olunmalıdır. Mənim iki övladım talassemiya xəstəliyindən əziyyət çəkir. Qızıma 83 min dollar, oğluma isə 93 min dollar - ümumilikdə 176 min dollar pul tələb edirlər. Aynur Bayramova bizə dedi ki, bir şirkət var, kömək məqsədi ilə bizi ona yönləndirəcək. Çinar Plazadakı ofislərinə getdim. Beləliklə onlarla əlaqə saxladıq. O zaman Nuridənin nömrəsini verdilər.
Dedilər 50 min dollar ver, geri qalanı biz sponsorlarla həll edəcəyik. Daha sonra 2022-ci il avqust ayında Aysel Məmmədova mənə zəng etdi. O, Nuridənin ofisində işlədiyini bildirdi. Məndə övladlarımın ağrısı başlamamış ofisə onlarla görüşə getdim. 35 min dolları (59 min 500 manatı) təqdim etdim. Aysel Məmmədova ödənişi Nuridə Seyidovaya verərkən görüntüsünü çəkdi.
Sentyabrın axırınadək gözlədim. Daha sonsa övladımı Samsunda yerləşən xəstəxanaya özüm apardım. Həmin xəstəxanaya zəng etdim. Oradan dedilər ki, yer yoxdur. Daha sonra Aysel Məmmədovata zəng etdim. O, dedi ki, "ora niyə zəng etmisən? Biz həll edəcəyik". Bu olaylardan çox sonra öyrəndim ki, aldadılmışam. Daha sonra pulumu geri tələb etdikdə 6700 pulu qaytarırdılar. 10 min manatı da əlavə olaraq Aysel Məmmədova ödədi.
İndi uşaqlarımı əməlliyyat edə bildim. Pulu isə Səhiyyə Nazirliyi ödədi. Ümumilikdə mülki iddiam 50 min 40 manatdır.
Mənim yeganə məqsədim dəymiş zərərin ödənilməsidir".
Şahid Aysel Abdullayeva Aynur Bayramova ilə Nuridə Seyidovanı tanıyır. İki qız övladı var biri daşıyıcı digəri isə xəstədir. Rusiyada həyat yoldaşı ilə birgə yaşayır. Övladınıb müalicəsi üçün Azərbaycana göndərilib. O bildirib ki, pulu Aynur Bayramovanın həyat yoldaşı kimi təqdim etdiyi Zaur adlı şəxsə ödəyib: "Bizdən qan nümunəsi götürüb gedib Türkiyəyə. 3-4 gün sonra çek göndərdilər. Lakin o aydın deyil. 15 gün sonra pdf göndərdilər ki, gözünüz aydın donor tapılıb. Atam şəhid olduğu üçün fondlara müraciət etdim. Daha sonra aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevə müraciət etdim. Z.Baxışəliyev dedi ki, Amil adlı uşaq üçün pul yığır. X.Hidayətqızı isə verilişdə mənə nə vaxt sıra gələrsə, o zaman baxacağını bildirdi. Yoldaşımın Rusiyadan çətinliklə topladığı 12 min dolları onlara verdik. Onlarla görüşə həyat yoldaşımın bibisi oğlu Cəmillə getdim. Videonu da o çəkdi. Ödənişi Aynur Bayramovaya verdik. Nuridə Seyidova isə müqaviləni hazırladı. A.Bayramova övladımı öpdü, oynatdı, meyvə də verdi. Hətta dedi ki, 4 aya gedəzsən.
Daha sonra anam yenidən Aynura 3000 dollar pul verib.
Mən hər dəfə nə zaman göndəriləcəyimizi soruşduqda bildirirdilər ki, uşaqları 5-5 göndərirlər.
Bu hadisələrdən sonra Aynur Bayramovaya zəng etdikdə o, açmadı. Öyrəndim ki, valideynlər onların ofisinə hücum edib. Aynur Bayramova və digəriləri fırıldaqçıdır. Sonra o, məni çayxanaya görüşə çağırdı. Getdim gördüm ki, valideynlər oturub Aynur Bayramova ilə birgə Nuridəni günahlandırırlar.
Mənə 1 qəpik pul qaytarılmayıb. Mənə dəyən 21 min manat ziyanı Aynur Bayramovadan tələb edirəm"
Bu zaman Aynur Bayramova və bacısı ilə zərərçəkən arasında mübahisə yaranıb. A.Bayramova iddia edib ki, Nuridə Seyidova onun adını vermək üçün zərərçəkənə pul ödəyib. Nuridə Seyidova isə iddiaları yalanlayaraq "heç olmasa üzr istə" deyə Aynur Bayramovaya müraciət edib.
Vaxtla əlaqədar iclas 30 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli