Məktəb tikintisi Hacıbala Abutalıbovdan alınır
20:29 02-07-2013
İQTİSADİYYAT
Məktəb tikintisi Hacıbala Abutalıbovdan alınır
Səlahiyyət yenidən Təhsil Nazirliyində olacaq
Bakıda orta məktəblərin təmir və tikinti işləri yenidən Təhsil Nazirliyinə həvalə ediləcək. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbə xatırladıb ki, təxminən iki il əvvəl məktəb tikintisində korrupsiyanın baş alıb getməsi sonucunda bu iş Təhsil Nazirliyinin nəzarətindən çıxarılaraq Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunub. Bunu 2011-ci ilin sentyabrında Bakıda bir çox məktəblərin açılışının Hacıbala Abutalıbov tərəfindən həyata keçirilməsi də təsdiqləyir. Belə bir addımın atılmasına isə o vaxtki təhsil naziri Misir Mərdanovun yaxın qohumunun rəhbərlik etdiyi təmir-tikinti işlərinin həm keyfiyyətsiz, həm də şişirdilmiş qiymətlərlə aparılması səbəb olmuşdu.
Xatırladaq ki, hələ iki il yarım əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi ölkədə məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlamışdı. Araşdırma zamanı məlum olmuşdu ki, Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib. Amma söhbətin məhz hansı qanun pozuntularından getdiyi açıqlanmır.
Prokurorluqdan verilən açıqlamalarda qeyd edilirdi ki, bir sıra hallarda dövlət büdcəsi hesabına məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilib, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işləri aparılıb.
Onu da vurğulayaq ki, müstəqil ekspertlərin məktəb tikintisində korrupsiyaya yol verilməsi barədə araşdırmaları hələ Baş Prokurorluqdan öncə həyəcan təbili çalırdı. Məsələn, Azad İqtisadiyyata Yardım İctimai Birliyi araşdırma nəticəsində üzə çıxarıb ki, Yaponiya səfirliyi ölkədə həm şagird yerinə görə, həm də sahəsinə görə daha böyük olan məktəbi 70 min manata tikdiyi halda, Təhsil Nazirliyi bunun üçün 144 min manat pul xərcləyir. Birliyin rəhbəri Zöhrab İsmayıl deyir ki, məktəb tikintisi zamanı yol verilən qanun pozuntuları təkcə vəsaitin mənimsənilməsi ilə bitmir.
Ekspertlər bildirirdilər ki, məktəb tikintisində tender prosesi, ümumiyyətlə tenderin keçirilməməsi, layihə smeta sənədlərinin hazırlanmaması, ən nəhayət qiymətlərin şişirdilməsi, əlavə vəsaitlərin ayrılması, layihələrin gecikdirilməsi adi hala çevrilib. Bütün bunlar isə korrupsiya hallarına gətirib çıxarır.
Məktəb tikintisi Hacıbala Abutalıbovun nəzarətinə keçdikdən sonra sadalanan qanunsuzluqların baş vermədiyini demək çətindir. Abutalıbovun meriyasının adının korrupsiya məsələlərində mütəmadi hallanması Hacıbala müəllimin Bakıda orta məktəblərin təmir və tikintisini Mərdanovdan fərqli aparmadığını söyləmək üçün ciddi əsaslar verir.
Görünür həm bu məqam, həm də yeni təhsil naziri təyinatı orta məktəblərin təmir və tikintisinin yenidən Təhsil Nazirliyinin nəzarətinə verilməsi ideyasının gündəmə gəlməsinə səbəb olub. Məlumatlı mənbəmiz bildirib ki, əslində vaxtilə bu səlahiy yətin adıçəkilən nazirlikdən alınması heç də korrupsiya faktı ilə bağlı olmayıb. Korrupsiya məsələsi burada vasitə rolunda çıxış edib, əsas məqsəd isə ondan istifadə edib həmin vaxtki təhsil naziri Misir Mərdanovu daha da səlahiyyətsiz qoymaq, onu bir az da zəiflətmək imiş.
Mənbəmiz hesab edir ki, artıq Mərdanovun görəvdən alınması onun rəqiblərinin məqsədinə çatması anlamına gəlir, odur ki, paytaxtda məktəblərin təmirinin və tikintisinin həyata keçirilməsinin Abutalıbovdan alınaraq yeni təhsil nazirinə verilməsində heç bir problem görülmür.
Təbii ki, burada yeganə problem Hacıbala Abutalıbovun özü ilə əlaqədardır. Paytaxt merinin belə bir qərar verilməsinə sıcaq baxacağını proqnozlaşdırmaq çətindir. Onun bu qərara bütün gücü ilə müqavimət göstərəcəyi istisna edilmir. Abutalıbovun bu yolla məqsədinə nail olub-olmayacağını, kifayət qədər yeyintili iş sayılan orta məktəblərin təmir və tikintisini öz əlində saxlayıb-saxlamayacağını isə zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53