Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
"Növbəti illərdə ölkədə su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir. Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilmişdir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılır", - deyə Milli Strategiyada bildirilir.