Humanist dəyərlər, nəcib missiyalar, xeyirxahlıq, ümummilli amallar naminə könüllü və təmənnasız dəstək xalqımızın yaşatdığı və inkişaf etdirdiyi qiymətli dəyərlərdir. Dövlətimizin tərəqqisində, misilsiz nailiyyətlərində və qazandığı qələbələrdə könüllü dəstəyinin xidmətləri danılmazdır.
"Unikal" xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu müasir, müstəqil Azərbaycanda əsasını qoyduğu könüllülük hərəkatı cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, normativ hüquqi baza təkmilləşdirilib, bu sahəyə dövlət dəstəyi artırılıb. Artıq könüllük fəaliyyəti daxil olduğu bir çox sahələrdə özünü layiqincə doğrultmuş, geniş rəğbət qazanmış, ölkəmizin bölgələrindən və cəmiyyətimizin bütün təbəqələrindən vətəndaşlarımız, o cümlədən gənclər bu imkandan yararlanaraq Azərbaycanın daha da tərəqqisinə təmənnasız töhfələr verirlər.
Bu günün inkişaf reallıqlarını və çağırışlarını nəzərə alaraq, həmçinin üzvlərimizin əmək hüquqlarının qorunması ilə bağlı qarşıya qoyulan hədəflərə dəqiq və vaxtında nail olunması üçün görüləcək işlərdə vacib könüllü dəstəyindən yararlanmaq məqsədəmüvafiq addımdır.
Bununla əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “AHİK könüllüləri” proqramına start verilir.
Belə ki, proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğində, nüfuzunun artırılmasında və sıralarının genişlənməsində faydalı olmaqla yanaşı, həm də gənclər üçün bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması, təcrübə qazanmaları və sosiallaşmaları üçün mühüm fürsət olacaqdır. Konfederasiyasının müxtəlif sahələrdə tədbirlərinin təşkilinə könüllülərin cəlb olunması həm də onların fərdi inkişafına və peşəkar kadr kimi yetişməsinə böyük dəstəkdir.
Layihəyə Azərbaycan vətəndaşı 18-25 yaş arası analitik düşünmə qabiliyyətli, intellektli və nizam-intizamlı, ali təhsil alan və ya məzun olan bütün gənclər qatıla bilərlər. Xarici dil biliyi olan və daha əvvəl könüllülük təcrübəsi keçmiş gənclərə üstünlük verilir.
Seçimlərdən keçən könüllülər “Stage” və “StagePro” olmaqla iki mərhələdən ibarət proqrama qoşulacaqlar. Proqramda iştirak hər mərhələ üçün 2 ay nəzərdə tutulur. Könüllülər Konfederasiyanın mərkəzi Aparatında, eləcə də üzv və tabeli təşkilatlarında fəaliyyətlərə cəlb ediləcək, onlar üçün müxtəlif rəqəmsal və yumşaq bacarıqların tədrisi, məlumatlandırıcı sessiya və peşəkar təlimlər təşkil olunmaqla, komandada işləmək bacarıqları aşılanacaqdır.
Proqramı uğurla başa vuran və fəaliyyəti məqbul sayılan iştirakçılar müvafiq olaraq “AHİK Könüllüləri” proqramının “Stage” və “StagePro” sertifikatları ilə təltif olunacaqlar.
Könüllülük hərəkatına qoşulmaq, şəxsi bilik və bacarıqlarını artırmaq, cəmiyyətimiz üçün faydalı olmaq istəyən gənclər oktyabrın 30-u saat 18:00-dək https://bit.ly/AHİKkönüllüləri linki vasitəsilə ilk proqrama qoşulmaq üçün müraciət edə bilərlər.