AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri 5 oyunluq cəza alıblar.
"Unikal" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
U-16 Liqasında mübarizə aparan “Dinamo” (Bakı) kollektivindən Çıraq Behbudov ASTA ilə matçın 88-ci dəqiqəsində hakimi təhqir edib. Qırmızı vərəqə alan mütəxəssis texniki zonadan kənarlaşdırılıb.
U-13 Liqasında da oxşar hadisə yaşanıb. İOEUGİM (Sumqayıt) komandasından Asif Əsgərov eyni cəzanı alıb. O, “Məhəllə uşaqları” (Sumqayıt) ilə qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olaraq hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib.
Bundan əlavə, AFFA U-11 Liqasında “Lamasya Baku”nun futbolçusu Heydər Xanlarov "Binə" (Bakı) ilə görüşdə hakimə əl-qol atdığı üçün meydandan kənarlaşdırılıb və 2 matçlıq cəza alıb. Ardınca onun valideyni qərara etiraz olaraq stadiona girib, bu səbəbdən komandaya xəbərdarlıq edilib.