Biz Qarabağda ermənilər tərəfindən törədilən vandalizmin və dağıntıların şahidi olduq.
"Unikal" xəbər verir ki, bunu trend-ə Şuşada keçirilən “Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpozium çərçivəsində ICESCO rəsmisi Bilal Çələbi deyib.
“Burada olmağıma görə çox şadam. Burada Şuşa şəhərinin tarixi abidələrinə və İslam mədəniyyəti üçün əhəmiyyətli abidələrinə həsr olunan tədbir keçirildi. Bu tədbirin keçirilməsinə görə biz həm Azərbaycana, həm də Şuşa Şəhər Dövlət Qoruq İdarəsinə təşəkkürümüzü bildiririk. Çox şadıq ki, Azərbaycan Şuşa şəhərinin tarixi abidələrinə, tarixi irsinə bu qədər əhəmiyyət verir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu tədbir ənənəvi bir hala çevriləcək. Azərbaycan tərəfindən tarixi abidələrin bərpası, şəhərdəki infrastrukturun yenidən qurulması istiqamətində təşəbbüs və fəaliyyətlərini dəstəkləyirik. Biz Şuşa şəhərində, Ağdamda, ümumiyyətlə Qarabağda törədilən vandalizmi və dağıntıları gördük”, - deyə o bildirib.
B.Çələbi qeyd edib ki, bunlarla əlaqədar artıq 12-ci iclasın fəaliyyəti nəticəsində milli irslə bağlı komitə çərçivəsində müvafiq sənədlər qəbul edilib və bu sənədlər həm müharibə, həm münaqişələr dövründə və ondan sonrakı dövrdə tarixi abidələrə, irsə qarşı törədilən dağıntıların qarşısını almağa yönəlib.
“Öz tərəfimizdən biz üzv ölkələrə köməklik göstərməyə çalışırıq ki, onlar belə hallarla rastlaşdıqda şəhərləri, kəndləri, tarixi abidələri bərpa etməkdə daha sürətlə işləri həyata keçirsinlər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Şuşa –2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində 11 oktyabr 2024-cü il tarixindən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, İCESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpozium keçirilir.
Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.