Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Görüş zamanı Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Mustafayevə tarixi-mədəni bağlardan danışıb: "Siz bizim qardaşlarımızsınız və dövlətlərimiz arasında əlaqələrin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir".
İran Prezidenti həmçinin bəyan edib ki, digər ölkələrin regionun işlərinə qarışması region dövlətlərinin maraqlarına uyğun deyil: "Birgə işləməklə təhlükəsizliyimizi təmin edə və bununla bağlı problemləri həll edə bilərik. Bu, İran hökumətinin hər zaman vurğuladığımız fundamental siyasətidir.
Biz ölkələrimiz arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq və enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirmək və genişləndirmək istəyirik".
Şahin Mustafayev Azərbaycanın İran ilə iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, tranzit və infrastruktur kimi sahələrdə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda sülhün möhkəmləndirilməsi və sabitləşməsi üçün səy göstərir.
Bundan əlavə, o, Pezeşkianı Bakıda keçiriləcək COP29 konfransına dəvət edib.
Ağarza Elçinoğlu