“Hələ də şansımız davam edir, bu, yaxşı haldır”.
"Unikal" xəbər verir ki, bu sözləri Slovakiya yığmasının futbolçusu David Strelets UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyundan öncə ölkəsinin mətbuatına açıqlamasında deyib.
23 yaşlı hücumçu matçın asan olmayacağını bildirib: “Amma bu vəzifənin öhdəsindən gələcəyik. Özümüz burada, diqqətimiz Tallində olacaq. Çünki orada İsveçi Estoniya ilə çətin oyun gözləyir. Ümid edirik ki, yenə xal itirəcəklər”.
Slovakiya millisinin digər üzvü Milan Şkrinyar da Bakıda komandasını çətin oyunun gözlədiyini vurğulayıb: “Bu matça yaxşı hazırlaşmaq üçün vaxtımız az oldu. İnanıram ki, bacaracağıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan–Slovakiya görüşü saat 20:00-da başlayacaq.