Gürcüstanın xarici dövlət borcu sentyabrın sonunda rekord həddə - 24,7 milyard lariyə (9,03 milyard dollar) çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
“Fitch” reytinq agentliyi Gürcüstanla bağlı iyun ayı icmalında qeyd edib ki, larinin ucuzlaşması borc dinamikası üçün ən böyük riskdir. Eyni zamanda, proqnoza görə, dövlət borcu 2024-2026-cı illərdə ÜDM-in 41%-ni keçməyəcək və 60%-lik həddən xeyli aşağı olacaq.
Avqustun sonunda milli borc ay ərzində 43,4 milyon dollar artıb.
Beləliklə, Gürcüstanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına borcu 17 milyon dollar, Avropa İnvestisiya Bankına 9,1 milyon dollar artıb.
Fransaya olan borc 814,5 milyon dollara (1,6 milyon dollar artım), Almaniyaya isə 617,6 milyon dollara (7,2 milyon dollar artım) yüksəlib.
ABŞ-yə Gürcüstanın 7,8 milyon dollar borcu var. Rusiyaya borcu da, demək olar ki, eynidir. Digər qonşu dövlətlərə gəlincə, Gürcüstanın Türkiyəyə 2,2 milyon, Azərbaycana 1,1 milyon, Ermənistana isə 1 milyon dollar borcu var.