Deputatlar hakimləri təsdiqlədilər
20:40 03-07-2013
İQTİSADİYYAT
Deputatlar hakimləri təsdiqlədilər
Milli Məclis özünün növbədənkənar sessiyasının son iclasını keçirib.
İclasın gündəliyinə 9 məsələ təklif olunmuşdu. Milli Məclisin iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan MR Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə hakimləri seçilməsi müzakirəyə çıxarılıb. Bununla bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüeynli bildirib ki, indiki təyinatlardan sonra yuxarı instansiya məhkəmələrində vakant yerlər qalmayacaq. O deyib ki, hazırda Ali Məhkəməyə 10 vakansiya, Naxçıvan Ali Məhkəməsinə 6 vakansiya, Bakı Apelyasiya Məhkəməsinə 5 vakansiya, Şirvan Şəhər Apellyasyia Məhkəməsinə 3 vakansiya, Gəncə Şəhər Apellyasiya Məhkəməsinə 5 vakansiya, Şəki Şəhər Apellyasyia Məhkəməsinə 4 vakansiya və Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə 6 vakansiya var.
Fazil Mustafa hakimlərin maaşının artırılmasını təklif etdi
Millət vəkili Fazil Mustafa hakimlərin əmək haqlarının artırılmasını təklif edib. Milli Məclisdə Azərbaycan məhkəmələrinin və ali məhkəmələrinə hakimlərin təsdiq edilməsi ilə bağlı müzakirə zamanı o bildirib ki, məhkəmədə çalışan hakimlərin məvacibləri yetərli deyil və onların xərclərini ödəmir.
Deputat qeyd edib ki, əgər hakimlərdən dürüstlük tələb ediriksə, onların əmək haqlarının artırılması məsələsinə də baxılmalıdır. O, qeyd edib ki, hakimlərin təhlükəsizlik məsələsi də kənarda qalır. Fazil Mustafanın sözlərinə görə, hakimlərin müstəqilliyinin artırılması üçün ölkədə aparılan məhkəmə islahatlarının təkmilləşməsinə ehtiyac var.
Daha sonra Fazil Mustafa Azərbaycanın məşhur generalı Əliağa Şıxlinskinin bərbad vəziyyətdə olan məzarının təmiri ilə bağlı hökumətə iş görməsi ilə bağlı təklif səsləndirib.
Milli Məclisdə söz davası
Milli Məclisin iclasında Ali Məhkəmə və Apelliyasiya Məhkəmə hakimlərin təqdimatı zamanı hakimlərin qruplarla təqdim olunmasına deputat Sabir Rüstəmxanlı etiraz edib.Deputat qeyd edib ki, hakimlərin dəstə-dəstə təqdim olunması düzgün deyil, bunlar haqqında ayrıca məlumat verilməlidir.
"Biz onları tanımalıyıq. Hər biri ayağa qalxıb özünü təqdim etməlidir. Bu necə olur ki, bunlar bir dəfəlik səsverməyə qoyulur".
Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlının çıxışına etiraz edib. Bildirib ki, onların hər birinin tərcümeyi-halı deputatlara təqdim olunub.
"Onların hər biri haqqında məlumatlar verilib".
Yenidən etiraz edən S.Rüstəmxanlının narazılığı Oqtay Əsədovu hirsləndirib.
Spiker əsəbi şəkildə "əgər razı deyildinizsə səs verməyəydiniz. Bu nədir deyişmə aparırıq burda?. Bunlar yeni hakimlər deyillər, bundan qabaqda Milli Məclisdə həmin hakimlərin namizədliyi səs qoyulub və təsdiq olunub"-deyə deputata cavab verib.
İqbal Ağazadə
məhkəmələrdəki yalançı
şahidlərdən şikayətləndi
Milli Məclisinin iclasında məhkəmə hakimlərinin təsdiq edilməsi ilə bağlı müzakirələrdə çıxış edən İqbal Ağazadə siyasi motivlərlə həbs olunduğu iddia edilən Tofiq Yaqublu, İlqar Məmmədov və Yadigar Sadıqov barədə həbs qəti-imkan tədbirinin dəyişdirilməsini təklif edib. İqbal Ağazadə bildirib ki, hakimlərin ciddi şəkildə prokurorluqdan asılı vəziyyətə düşüblər.
Deputat qeyd edib ki, məhkəmə hakimləri həbs olunanlar barədə 2 aylıq həbs qəti-imkan tədbiri seçirlər. Onun sözlərinə görə, belə tələsiklik düzgün deyil. Hakimlər bu məsələyə ciddi yanaşmalıdırlar. Siyasi motivlərlə həbs qəti-imkan tədbirinin seçilməsi daha çox nəzərə çarpır.
İ. Ağazadə son günlərdə həbs olunmuş Müsavat başqanının müşaviri Yadigar Sadıqov barədə danışaraq bildirib ki, araşdırılmadan haqqında həbsə qərar verilib. "Həbs tədbiri ştatla işləyən birinin onun üzünə durması nəticəsində baş verib". İ. Ağazadə məhkəmə hakimlərini bu məsələni araşdırmağa çağırdı. "Azərbaycan məhkəmələrində diqqət yetirilməlidir ki, necə olur ki, eyni adamlar müxtəlif işlərlə bağlı şahid qismində ifadə verirlər".
Deputat hakimlərin əmək haqlarının qaldırılması təklifini dəstəkləyib.
"Tədbir görülsün!"
Sabir Rüstəmxanlı daha sonra son günlər satışda olan və təxribat məqsədli papaqlardan danışıb.O, bir sıra ticarət obyektlərində üzərində müxtəlif xalqların, etnik qrupların və coğrafi adları yazılmış papaqların satılmasına narazılığını bildirib. Deputat qeyd edib ki, belə həssas məqamda etnik qrupların, milli azlıqların adları yazılmış papaqlar satılması yolverilməzdir: "Bu papaqlar ölkəyə hardan gətirilir? Bu papaqlarıən üzərində "talış", "ləzgi" və s. sözlər yazılır bu nəyə xidmət edir? Mən hökuməti bu məhsulların hardan gəlməsi ilə bağlı araşdırmalar aparmağa çağırıram."
S. Rüstəmxanlı bu cür məhsulların ölkəyə ayaq açmasının xüsusi məqsəd güddüyünü və ölkəyə hardan daxil olması ilə bağlı araşdırma aparmağın vacib olduğunu bildirib.
Milli Məclisin keçirilən iclasında deputatlar bir sıra iradlar səsləndiriblər. Qənirə Paşayeva 95 illiyini qeyd olunan Milli Ordunun yaradılmasında böyük rol oynamış ilk müdafiə naziri Səməd bəy Mehmandarovdan danışıb: "Səməd bəy Mehmandarov Çəmbərəkənd qəbiristanlığında basdırılıb, qəbri Həzi Aslanovun qəbrinin yaxınlığında olub. Lakin sovet dövründə Kirovun abidəsi ilə bağlı məzar oradan köçürülüb və sonradan da izi itirilib. Bakının işğaldan azad edildiyi günə -sentyabrın 15-ə qədər Türk şəhidliyinin yaxınlığında Səməd bəy Mehmandarovun abidəsinin ucaldılması yaxşı olardı. Əliağa Şıxlinskinin də Yasamal qəbiristanlığındakı məzarı baxımsız vəziyyətdədir. Biz generallarımıza sahib çıxmalıyıq".
Deputat Zahid Oruc yoxlama adı gələndə sahibkarları titrəmə tutduğunu söyləyib: "Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsiyaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür". O qeyd edib ki, sonuncu hərbi parad əhalinin Silahlı Qüvvələrə inamını artırıb: "Bu, Silahlı Qüvvələrə ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyini göstərdi. Çox müasir silahlar alınıb. Əgər Azərbaycan Ermənistanı siyasi müttəfiqsiz qoysa, 10 günə Ermənistanı məğlub edə bilər. Bununla belə, ordu sistemində islahatlar davam etməlidir. Ordu xalqa məxsusdur. Bu, çarizm dövründə və müstəqillik dövründə də millətin müstəqilliyə qadir olmadığını söyləyənlərə cavab oldu. Qəbirlərin köçürülməsi əsas deyil, bir xiyaban salına bilər. Xiyaban kimi indi onların uyuduğu yer seçilə bilər".
Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəyə bilmir: "Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər. Bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssisələrdə yoxlama keçirə bilsinlər".
İclasda yeni hazırlanan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə Hüquq siyasəti və dövləti quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat veriblər.
O qeyd edib ki, layihə Azərbaycan prezidentinin imzası ilə daxil olub. Yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunduqdan sonra spiker Oqtay Əsədovun təklifi ilə üçüncü oxunuşda da səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13