Qurd dişini dəyişər, amma xasiyyətini dəyişməz...
20:42 03-07-2013
İQTİSADİYYAT
Qurd dişini dəyişər, amma xasiyyətini dəyişməz...
Rəsul Quliyev bu dünyada özündən ağıllı adam tanımır
Müxalif düşərgəyə çox qərib, eyni zamanda kuryoz bir mənzərə hakim kəsilib. Hər ağız öz avazını, hər kəs öz havasını, hər təsisçi öz zurnasını çalır.
Biri uzaq Amerikada səhər oyanan kimi axşam yuxuda gördüklərini nəql edir, biri dünya turnesinə çıxıb qayıtmaq bilmir.
Digərləri də Bakıda ani bir susqunluğa qapılaraq (öz aləmində) görülən yuxuları yozmaqda, taktiki gedişləri cızmaqdadır. Həm də harada və niyə olduqlarının fərqinə varmadan!
Olsa ki, bu adamlar guya bir təşkilatda təmsil olunur və aradakı həmin "əndrəbadi" təmsilçiliyin müddəti də bir aydan o yana keçməyib.
Amma bu qısa zaman kəsiyi belə yetərliymiş ki, qırğın-qiyamətə start verilsin. Qalxanlar qalxsın, güllələr açılsın, adamlar bir-birini söz bombardmanına məruz qoysun…
Ənənə isə pozulmayıb. Yenə ilk danışan Rəsul Quliyevdir.
Yenə ara qarışdırıcılıq, oyun pozanlıq kimi AĞIR missiya o nazik, o incə, o zərif çiyinlərin üzərindədir. Yenə uzaq Amerikadan "dərs" dolu, tərs şovlu açıqlamalar ard-arda gəlməkdədir:
Yarısı bizə, yarısı özününkülərə. Və nə maraqlıdır ki, adam hamıya da eyni sürətlə "çatır", hər şeydən danışır…
İlk öncə Milli Şuradakı dostlarının Amerika səfərini təkzib elədi. Ardınca da siyasi tərəfdaşlarına (Allah kəssin belə tərəfdaşlığı) ünvanlanan sərt ittihamlar!...
Hamı şokdadır, hətta vəziyyət o yerə qədər irəliləyib ki, mövzu ətrafındakı tənqidi, "razborka"nı Milli Şuranın 2 milyon dərəcəli adamı, fəaliyyətində adından əsər-əlamət olmayan Zəfər Quliyev xırdalayır.
Həm də bu qədər nikbin və səlis cavabla: "No coment". Nə deyim, yüz bərəkallah!...
Rəsul Quliyev bu dünyada özündən ağıllı adam tanımır, bu bir həqiqətdir. Amma paralel olaraq hər seçkidə kiminsə kölgəsinə sığınmaq, hansısa siyasət dələduzunun ətrafında fırlanmaq, dolanmaq, hərlənmək kimi bir öhdəliyə də sahibdir.
Bu isə az öncə qeyd etdiyim həqiqətin üzərinə çökən bir başqa məhkumiyyətdir…
Yazıqlar olsun. Və ya gerçəkdən ağır bir durumdur. Təsəvvür edirəm, adamın içində çəkdiklərini…
Hər dəfəsində qısa bir zaman kəsiyi kifayət edir ki, Quliyev çox ucuz bir alət olaraq istifadə edildiyinin fərqinə varsın.
Üstəgəl, yaş keçir, ümid tükənir, şans azalır. Yaxşı bəs daxildəki kini, nifrəti, acığı, əsəbi hara yönəltsin, ha tərəfə dürtüb-dürtüşdürsün?
İllərdir içində bəslədiyi neqativi, odu-alovu kimin üzərinə püskürsün? Əlbəttə ki, müxalifətin! - Onu 2005-də "pişim-pişim"lə ölkəyə çağıran, aldadan, ardınca da siyasi meyitə çevirən müxalifətin! - Və ya, bu günə qədər xatirimdədir, Rəsul Quliyevin haqqında moizələr söyləyən "Azadlıq" blokunun təsisçiləri - İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət həmin rüsvayçı "qayıdış"zamanı onu hava limanında qarşılayacaqlarını bəyan edib, əslində isə ofislərindən bir addım belə tərpənməmişdilər.
Üstəlik adamı "xalq havası" ilə eyforiyaya qapadıb tam başqa bir əhval-ruhiyyəyə kökləmişdilər. Elə bunun nəticəsi idi ki, Quliyev öz saxta qəhrəmanlığına Ukraynadaca ara verməli oldu və daha sonra suyu süzülə-süzülə doğma vətəni, 20 ildir dilini öyrənə bilmədiyi Amerikaya qayıtmağa məcbur oldu.
Rəsul Quliyevi yaxından tanıyan adamlar çox yaxşı bilirlər ki, onun kini bu dünyaya sığmayan bir kindır. Eyni zamanda özündən son dərəcə müştəbeh, tənqidi, hətta təqlidi belə qəbul etməyən biridir.
Və.. bu kontekstə təqlid elementini daxil etməm də səbəbsiz deyil. Çünki çoxlarına, ələlxüsus da siyasi elitaya məlum məşhur bir əhvalat var: 1995-ci ildə "Bakılı oğlanlar"ın o zamankı Respublika sarayında təşkil etdiyi konsertdə çox maraqlı bir olay yaşanıb. Belə ki, Rəsul Quliyevi təqlid etdiyi üçün şən hazırcavablar pərdə arxası, yəni qeyri-rəsmi görüşdə eks-spikerin manyakal təpkisi ilə üzləşib. Yalnız Heydər Əliyevin o anda qəfil gəlişi eks-spikerin aqressiyasını ağzında qoyub və ulu öndər həmin təqlidi edən insana "möhtəşəm idin, davamını gözləyirik" deməklə Rəsul Quliyevi sərt şəkildə yerində oturdub!
Bax? indi özünüz düşünün, həmin cılız, bir zarafatı belə qəbuletmə gücü olmayan zavallı Rəsul Quliyev müxalifətin ona etdiklərini xatırlamadan keçə bilərmi?
Bütün olanları unuda bilərmi? Əlbəttə ki yox! Və elə bu səbəbdən də hər fürsətdə öz növbəti zərbəsini endirir, acığını çıxır, "Milli Şura"nı aşağılayır.
Hərçənd həmin qurum onun dediklərindən min yox, milyon dəfə daha artıq tənqidə və aşağılamalara layiqdir. Sadəcə dediyim budur ki, məsələnin məğzi, kökü fərqli ünvanlardadır. Mətləb, təfsilat çox-çox daha dərin yerlərdədir.
Amma hər şeyə rəğmən deyim ki, Milli Şuranın dilini elə Rəsul Quliyev bilir. Çünki özlərindən biridir. Onlarla eyni xislətin, eyni təfəkkürün daşıyıcısıdır. Və biri beşinə, beşi birinə dəyməyən qoçların eyni qazanda qaynamağa məhkum olduğu sürəcdə bu atışmalar, bu didişmələr heç bir zaman bitməyəcək. Bunlara elə Rəsul qənim olsun….
Elşən Musalı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17