"Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşı kibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır və saxta müsahibələr paylaşılırdı".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, burada məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqında düzgün məlumatların qarşısını almaqdır:
"Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır. Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, bu, Qərb mediası üçün xarakterikdir. Neqativ tendensiyalara qarşı mübarizə formaları var. Manipulyasiya ilə məşğul olan media subyektləri öz ölkələrinin ictimai rəyini çaşdırır. Bu, beynəlxalq media əxlaqı ilə ziddiyyət təşkil edən fəaliyyətdir. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmağı başqa heç bir ölkənin mediasından gözləməli deyilik. Bu, Azərbaycan mediasının əsas funksiyasıdır. Azərbaycan həqiqətlərini mediamız doğru, düzgün və dolğun formada dünyaya çatdıra bilər. Mediamız fəaliyyətini bu istiqamətdə müasir çağırışlara cavab verərək qurmaqdadır. Təbii ki, tam idela səviyyədə deyil. Bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik".
Anar Kəlbiyev